Məlum olduğu kimi, “Teleqram”ın yaradıcısı və sahibi, tanınmış rusiyalı iş adamı Pavel Durovun Fransada həbsi böyük qalmaqala səbəb olub. Rusiya bununla bağlı Fransaya nota verib, İlon Mask kimi tanınmış simalar onun müdafiəsinə qalxıb və sair.
Yeri gəlmişkən, bir çoxları onun həbsindən əvvəl Bakıda olmasını, burada Vladimir Putinlə görüşmək istəməsini, lakin Putinin bunda imtina etməsini qabardırlar. Həmçinin, Bakıdan birbaşa hüquq-mühafizə orqanları ilə problemlərinin olmasına baxmayaraq, nədən Fransaya uçması da cavabı açıq qalan suallar sırasındadır. Bəziləri hətta onun bilərəkdən Fransaya təslim olduğunu iddia edirlər.
Digər yandan, hazırda Durovun həbsinə ümumilikdə Qərbin söz azadlığına münasibətdə ikiüzlülüyü kimi qiymət verirlər.
“AzPolitika” xəbər verir ki, tanınmış araşdırmaçı jurnalist, “Bellingcat” və “The Insider” kimi layihələrin aparıcı təhqiqatçısı Xristo Qrozev Pavel Durovun həbsinin söz azadlığına qarşı atılmış addım hesab edilməsinin əleyhinədir.
Onun fikrincə, Fransa hüqqu-mühafizə orqanlarının da iddia etdiyi kimi, “teleqram” gerçəkdən terrorçulardan tutmuş narkotik alverçilərinə qədər bir çox beynəlxalq şəbəkələrin əlində açıq rabitə və ticarət vasitəsinə çevrilib: “Bu həbsin söz azadlığı ilə əlaqəsinə dair iddiaları neytrallaşdıran odur ki, Durov “teleqram”-ın terrorçuluq, narkotik ticarəti, uşaq pornoqrafiyası və digər cinayətlərdə istifadəsinin qarşısını almaq üçün heç kimlə əməkdaşlıq etmədi. O, bu cinayətlərin qarşısını almaq üçün hətta Rusiya FSB-si ilə belə əməkdaşlıq etsəydi, mən buna qarşı olmazdım. Yəni, burada məsələ onun kiminlə yox, nə ilə bağlı əməkdaşlıq etməsindədir. Aydın görünən şeylər var – o, hamımızın “teleqram”da açıq gördüyümüz cinayət kanallarının durdurulması, yaxud araşdırılması üçün heç kimlə əməkdaşlıq etmirdi və bu, cəzasız qala bilməzdi”.
Durovun həbsinin siyasiləşdirilməsinin əleyhinə olan Qrozev hesab edir ki, istənilən hüquqi dövlətdə “teleqram” kimi sosial şəbəkənin sahibi bu şəbəkədə baş verənlərə dair məsuliyyət daşıyır. Onun dediyinə görə, Fransa bir neçə dəfə Durovdan bir çox cinayətlərin araşdırılmasında yardım istəyib, yəni bəzi istifadəçilərin şəxsi məlumatlarına giriş tələb edib. Lakin Durov bunu etməyib.
Qrozev bütün bunlarla yanaşı, istisna etməyib ki, Durova qarşı da Snouden, Assanj və digərləri kimi haqsızlıqlar edilə bilər. Çünki söz azadlığı mövzusu heç Avropanın özündə də mükəmməl səviyyədə deyil. Lakin bununla yanaşı, “teleqram”dakı cinayət şəbəkələrinin açıq fəaliyyəti və onlara qarşı xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməməsi Durovun saxlanılmasını qaçılmaz edirdi.
Qrozev onu da iddia edib ki, Durovun “teleqram” istifadəçiləri olan Rusiya daxilindəki və xaricdəki müxalifətçilər, onların yazışmaları və İP ünvanları Rusiya FSB-si üçü əlçatandır. Bu baxımdan Durovun FSB ilə əməkdaşlığını istisna etmək olmaz. Bütün bunlarla yanaşı, Qrozevin fikrincə, Durov çətin ki, həbsdə olduğu Fransa xüsusi xidmət orqanları ilə əməkdaşlıq etsin: “Onun həbs təhlükəsi olan Fransaya getməsi isə Durovun səhvi idi”.
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər