Bu yaxınlarda Bakı şəhəri Xətai rayonunda 8 noyabr prospektində aparılan təmir işlərindən sonra ortaya çıxan yeni xətlənmə nişanları sürücülər tərəfindən böyük narazılıqla qarşılanıb.
“AzPolitika” xəbər verir ki, narazılıq doğuran məqamlardan biri 8 noyabr prospektində, “AMAY” Ticarət Mərkəzinin önündə yolun hərəkət istiqamətinin solunda təhlükəsizlik adacığı (piyadların dayanmaları üçün təhlükəsiz yer – red.) adlandırılan yerin yaradılması olub.
Belə ki, aparılan təmir işlərindən əvvəl sözügedən yol 10 zolaqlı (5 gediş, 5 gəliş) olsa da, velosiped zolağı salındıqdan və səkilər təmir edildikdən sonra kiçilib. Hazırda 8 zolaqlı bu yolun hər iki istiqamətindəki 1 zolaq yalnız avtobuslar üçün nəzərdə tutulduğundan sürücülərin hərəkəti üçün cəmi 3 zolaq qalıb. Bu da hərəkət intensivliyinin daim yüksək olduğu bu yolda tıxacların artmasına və sürücülərin haqlı narazılığına səbəb olur.
Qeyd edək ki, günün pik saatlarında üzü şəhərə və əks istiqamətdə bu yoldakı avtomobillərin sayı daha da artır və saatlarla davam edən uzun tıxaclar yaranır.Tədris ilinin başlanması ilə əlaqədar müntəzəm sərnişindaşımalara tələbatın artacağını nəzərə alsaq, yaxın günlərdə sözügedən ərazidə real mənzərənin necə olacağını təsəvvür etmək çətin deyil.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov “AzPolitika”-ya açıqlamasında bildirib ki, sözügedən ərazidə standartlara uyğun hərəkt istiqaməti yaradılıb: “Eni 3,50-3,75 metr aralığında 4 hərəkət zolağı təşkil edilib. Yolda artıq qalan hissələr nəqliyyat axınının kanallaşması və nizamlı hərəkətin təmin edilməsi üçün istifadə olunub. Bu hissələr təhülkəsizlik adacığı adlanır”.
Burada maraq doğuran digər bir məqam isə bu “təhlükəsizlik adacığı”nın sürücülər üçün bir növ “tələ”yə çevrilməsidir. Çünki “Yol hərəkəti haqqında” Qanunda təhlükəsizlik adacığına daxil olmaq qadağandır. Yolun bu hərəkət istiqamətindən istifadə edən sürücülər 327.1 (“Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi) maddəyə əsasən 40 manat cərimə olunurlar. Kim bilir, bəlkə əsas məqsəd də elə budur!
E. Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər
yorulmadiiz cerime cerime
Bu hakimiyyət yazıq sürücüləri cərimələməklə hara gedir?Bu yazıqlar gün ərzində 5-10 manat çörək pulu qazana bilir.Amma süni yaradılmış qadağalara görə onu 40-50 manat cərimələyirsunuz.Buurmu sizin ədalətiniz7 Bəs düşüncə.vicdan?
Son cümlə tam doğrudur.