ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Bayden vergidən yayınma ilə bağlı bütün ittihamları qəbul edib. İndi onu uzunmüddətli həbs cəzası gözləyir. Kiçik Bayden bir neçə ay əvvəl qeyri-qanuni silah almaqda günahkar bilindikdən sonra ailəsini növbəti ağrılı cinayət mühakiməsindən xilas etmək üçün sürpriz addım atdığını açılayıb.
Hanter Baydenin prokurorlarla razılaşmadan günahını etiraf etmək qərarı, 1,4 milyon dollarlıq vergidən yayınma işi üzrə münsiflər heyətinin seçilməsinə başlanıldıqdan bir neçə saat sonra elan olunub.
“Associated Press”-in məlumatına görə, respublikaçıların Bayden ailəsini korrupsioner kimi qələmə vermək üçün xarici biznes sövdələşmələri ilə bağlı şokedici dəlilləri və təfərrüatları ortaya çıxaracağı gözlənilirdi.
"Mən ailəmə daha çox ağrı və lazımsız xəcalət çəkdirməyəcəyəm"- deyə, bildirən Hanter Bayden, günahını etiraf etməklə ailəsini məhrumiyyətlərdən qorumaq istədiyini vurğulayıb.

İddia sənədlərinə görə, 2016-2020-ci illər arasında Bayden xarici biznes sövdələşmələrindən, o cümlədən Ukraynanın “Burisma” qaz şirkətinin idarə heyətində iştirak etmək və Çin investisiya fondunda iştirak üçün ödənişlər də daxil olmaqla, 7 milyon dollardan çox gəlir əldə edib.
Sənəddə qeyd olunur ki, prezidentin oğlu vergi borclarını ödəmək əvəzinə, ekstravaqant həyat tərzinə milyonlarla dollar xərcləyib.

Hakim doqquz ittihamın hər birini oxuduqca Hanter Bayden dərhal "günahkaram" cavabını verib.
Daha sonra keçmiş prezident Donald Tramp tərəfindən bu vəzifəyə təyin edilmiş hakim Mark Skarsi, kiçik Baydeni 15 ilə qədər həbs və bir milyon dollara qədər cərimə gözlədiyini açıqlayıb. Hökmün elan olunmasını dekabrın 16-na təyin edib.
“AzPolitika.info”

Şərhlər