Xəbər verdiyimiz kimi, İran İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sobhani Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşüb.
“AzPolitika” erməni mətbuatına istinadla xəbər verir ki, görüş zamanı səfir İranın istənilən geosiyasi dəyişikliyi qəbul etmədiyi, eləcə də qonşularının ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.
Qriqoryan İranın Ermənistanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirib. O, Ermənistan və İran sərhədinin sülh, dostluq və dinc həyatın sərhədi olduğunu, İrəvanın Tehranla münasibətlərə xüsusi önəm verdiyini bildirib.
Armen Qriqoryan səfirə vəd edib ki, Ermənistan ərazisi daxilində nəqliyyat blokadalarının qaldırılması ölkənin daxili qurumlarının nəzarəti altında olacaq. O, Ermənistanın dəhliz məntiqi ilə bağlı istənilən blokadanın aradan qaldırılmasının əleyhinə olduğunu bildirib.
Qeyd edək ki, İran səfrinin Qriqoryanla görüşü Tehran-Moskva arasında Zəngəzur dəhlizi ilə bağlı yaranmış gərginliyin təzahürlərindən biridir. İran tərəfi Rusiyanı dəhlizin açılması barədə bəyanatlarını qəbuledilməz hesab edir. Rusiyadan isə bununla bağlı son günlər hər hansı açıqlama yoxdur.
Görünür, Tehran bu məsələdə Ermənistanla birləşərək Rusiyaya qarşı vahid mövqe formalaşdırmağa çalışır. Bu məsələdə Qərb də ənənəvi “düşməni” İranla eyni mövqe nümayiş etdirir. Belə demək mümkündürsə, Nikol Paşinyan hökuməti 10 noyabr bəyanatında nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsindən yayınmaq üçün müttəfiqlərini bir araya gətirməyə çalışır.
Azərbaycan isə hələlik prosesləri müzakirə edir və müttəfiqi Türkiyəyə ilə məslhətləşmələr aparır. Yaxın günlərdə Rusiya-İran arasında gərginliyinin açıq müstəviyə keçidi baş verərsə, Tehranın geri çəkiləcəyi şübhə doğurmur. Bu haldas isə Ermənistan ciddi itkilərlə üzləşə bilər…
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər