Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp prezident olacağı təqdirdə Ukraynanı Rusiya işğalı ilə baş-başa buraxacağına eyham vuran növbəti açıqlama verib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Corciya ştatında çıxış edən Trampın dediyinə görə, ABŞ mütləq Ukraynadakı müharibədən çıxmalıdır. 

O, hesab edir ki, vitse-prezident Kamala Harris və Prezident Co Baydenin bu müharibə ilə bağlı müvafiq planı yoxdur: “Bayden və Kamala bizi Ukraynadakı müharibəyə soxdular və indi bizi bu müharibədən çıxara bilmirlər”.

O, xatırladıb ki, ABŞ ordusu Ukrayna və Rusiya arasında hərbi münaqişədə iştirak etmir, lakin Vaşinqton Kiyevə milyardlarla dollar dəyərində hərbi və humanitar yardım ayırır: “Düşünürəm ki, mən prezident olmasam, bu müharibədə ilişib qalacağıq. Mən hər şeyi edəcəm. Danışıqlara nail olacağam, oradan çıxacağam. Biz çıxmalıyıq. Bayden deyir ki, “biz qalib gələnə qədər getməyəcəyik". Bəs, əgər onlar (Rusiya) qalib gəlsələr, nə olacaq?”

Tramp bundan əvvəl də dəfələrlə Putinə simpatiyasını ifadə edən və Rusiyanın işğalçılıq siyasətinə dolayısı ilə haqq qazandıran çıxışlar edib. Prezident seçkisi yaxınlaşdıqca isə onun Kremlin maraqlarına uyğun gələn ritorikası daha da güclənir. Rusiya barədə dediyi “Bəs, əgər onlar (Rusiya) qalib gəlsələr, nə olacaq?” fikri də bunu təsdiqləyir. Belə ki, nəinki Trampın özü, siyasətlə hər hansı əlaqəsi olmayan istənilən şəxs də yaxşı bilir ki, ABŞ-nin Ukraynaya müvafiq, adekvat dəstəyi olsa, Rusiyanın bu müharibədə qalib gəlməsi mümkünsüzdür…


Onu da qeyd edək ki, Trampın bu açıqlaması Volodimir Zelenskinin ABŞ-yə səfəri fonunda səslənib. Zelenski Ukraynanın “Qələbə planı”nı Co Bayden və Kamala Harrislə bərabər, Trampa da təqdim etmək fikrindədir. Lakin Tramp açıq şəkildə Zelenski ilə görüşdə maraqlı olmadığının siqnallarını verir. Bundan əvvəl o, Zelenskinin ABŞ-yə səfəri barədə danışarkən Ukrayna Prezidentini “ticarətçi” adlandırmış, onun hər dəfə ABŞ-yə gələndə Ukrayna üçün milyardlarla dollar pul aldığını qeyd etmiş, buna görə indiki administrasiyanı tənqid etmişdi. Eyni zamanda, Tramp Zelenskinin Kmala Harrisin seçilməsini “çox istədiyini” deyib. Trampın oğlu isə Zelenskini aşağılayan statuslar paylaşıb.

Trampın guya 24 saata gerçəkləşəcək müharibəni dayandırmaq planına görə isə o, dərhal Ukrayna və Rusiya başçılarına müharibəni dayandırmağı təklif edəcək və onlar da bununla razılaşacaqlar(?). Əks halda, Ukrayna razılaşmasa, onu yardımdan məhrum edəcək. Putin razılaşmasa, Ukraynaya yardımı artıracaq. Onun vitse-prezident postuna namizədi Ceyms Vens isə plan barədə deyib ki, orada hazırkı döyüş xətti boyunca hərbsizləşdirilmiş zona yaradılacaq və ABŞ Ukraynanın heç bir hərbi bloka qoşulımayacağına, neytral statusuna dair Rusiyaya zəmanət verəcək.

Əksər politoloqların qeyri-ciddi yanaşdığı bu “plan”a Ukrayna bir tərəfə, Kremlin də razılaşacağına dair heç bir əlamət yoxdur. Əksinə, Putin yalnız Zaporojye, Donetsk və Xerson vilayətlərinin qalan hisssələrinin də Ukrayna tərəfindən Rusiyaya təslim edilməsi şərtilə danışıqlara başalaya biləcəyini bəyan edir. Və bütün bunların fonunda Tramp əsas məqəsədinin Ukraynada ədalətli sülhə, beynəlxalq hüququn bərpasına, işğala son qoyulmasına yox, ABŞ-nin Ukraynadan nə yolla olursa olsun, çıxmasına xidmət etdiyini bəyan edir. Ancaq onun bu mövqeyi özünün əsas şüarı olan “Make America Great Again” – “Amerikanı yenidən böyük(möhtəşəm) edək” şüarı ilə qətiyyən üst-üstə düşmür. Öz azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda ölüm-dirim savaşı aparan Ukraynanı işğalçı Rusiyanın güdazına vermək planı Amerikanın nə böyük nə də güclü olmasının əlaməti deyil...

Ümumiyyətlə, bu cür primitiv, alverçi zehniyyətli, heç bir mənəvi dəyər tanımayan, açıq psixi problemləri müşahidə edilən birisinin prezidentliyə iki əsas namizəddən biri olması bir daha göstərir ki, ABŞ demokratiyası və ümumilikdə onun idarəçilik institutu, sistemi dərin böhran içərisindədir...

C.Məmmədov

“AzPolitika.info”