İnzibati Xətalar Məcəlləsinə yeni dəyişikliklər təklif olunur. 

“AzPolitika” xəbər verir ki, Mili Məclisə göndərilən yeni layihədə bəzi inzibati xətalara görə cərimələrin kəskin artırılması təklif edilir.

Qeyd olunur ki, avtomobildən bayıra hər hansı əşya, tullantı atılmasına görə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq. Qüvvədə olan qanuna görə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına görə 30 manat məbləğində cərimə edilir.

Layihəyə əsasən, yollara və ya yol qurğularına tullantı və ya nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 4 min manat məbləğində cərimə ediləcək.

Bundan başqa İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni dəyişiklilərdə tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği kəskin artırılması nəzərdə tutulur.

Belə ki, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılır. Eyni zamanda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 700 manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur.

Təklif olunan daha bir dəyişiklik məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə cərimələrin artırılmasıdır.

Qüvvədə olan qanuna əsasən,bu xətaya yol verənlər 50 manat məbləğində cərimə edilir.

Layihəyə əsasən, fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 4 min manat məbləğində cərimə ediləcək. Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 1000 manat məbləğində, vəzifəli şəxslər 1500 beş yüz manatdan 2 min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, altmış saatdan yüz saatadək ictimai işlər tətbiq olunur, hüquqi şəxslər 5 min manatdan 7 min manatadək məbləğdə cərimə edilir.

“AzPolitika.info”