Polad Mehdiyev,
Hüquqşünas
Niderland Krallığının Parlamentinin Nümayəndələr Palatası tərəfindən 10 oktyabr tarixində Azərbaycan əleyhinə qəbul edilmiş 2 qətnamə və xarici işlər naziri Kaspar Veldkampın çıxışı zamanı Azərbaycan tərəfindən həbs edilmiş keçmiş separatçı rejimin nümayəndələrini və terrorçuları “hərbi əsir” kimi qələmə verilərək azad edilməsinə dair çağırışlar edilib.
Tamamilə qəbuledilməz və əsassızdır.
Əvvəla hərbi əsir - döyüş əməliyyatlarında iştirak edən, silahlı qüvvələrdə xidmət edən hərbçinin ələ keçirilməsinə deyilir.
Həbs olunmuş separatçılar isə qatı cinayətkarlardır.
Onlar tərəfindən ötən dövr ərzində xalqımıza qarşı beynəlxalq cinayət hüququna görə təcavüz, genosid (soyqırım), insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və.s törədilmişdir.

Bu əməlləri törətməklə 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələbləri pozulub. Cenevrə Konvensiyaları ilə cinayət sayılan bütün cinayət əməlləri xalqımıza qarşı törədilib. Ermənistan asimmetrik müharibə aparıb, mülki obyektlərə ziyan vurub, əsirlərə, girovlara əzab veriblər. Ermənistan müharibə zonasından kənarda yerləşən obyektləri atəşə tutub və mülki şəxsləri qətlə yetirib. Bundan əlavə, mülki və hərbi obyektləri qadağan edilmiş silahlardan atəşə tutub. İstifadə edilən silahlar beynəlxalq səviyyədə qadağan edilmiş silahlardır. Həmin cinayətlərinə görə cəza tədbirlərinin görülməsi beynəlxalq təşkilatların prioritet istiqamətlərindən biridir. Azərbaycan və Ermənistan Cenevrə konvensiyalarının iştirakçısıdır və buna əməl etmək onların vəzifəsidir.
Xüsusilə qeyd etmək lazımdır ki, cinayəti törədən həm Ermənistan dövlətidir həm də separatçılardır. Onlar beynəlxalq humanitar hüququn norma və prinsiplərini aşkar surətdə, qəsdən pozmaqla bəşəriyyət əleyhinə cinayət törədib və buna görə də hüquqi məsuliyyət daşıyır.
Sülh əleyhinə cinayətlər, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə dair Nürnberq tribunalının təcrübəsi mövcuddur. O təcrübədən istifadə etmək lazımdır.
Azərbaycan tərəfindən həbs edilmiş Arayik Harutunyan, Ruben Vardanyan, Arkadi Kukasyan, Bako Saakyan və.s şəxslər Ermənistan dövləti tərəfindən törədilmiş cinayətin iştirakçılarıdırlar.
Onların rəhbərlik etdiyi separatçı rejim mütəşəkkil cinayətkar qrupun sabit cinayətkar birliyidir (cinayətkar təşkilat).
Separatçılar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bütün istiqamətləri üzrə cinayətlər törədilmişdirlər.
Ermənistan tərəfindən törədilən cinayət əməllərinin planlaşdırılmasında, hazırlanmasında, başlanmasında və ya həyata keçirilməsində rəhbər və yaxud təşkilatçı kimi fəal iştirak edən və ya bu barədə əmr verən şəxslər kimi cinayətinə görə məsuliyyət daşıyırlar.

Şərhlər
Məhkəmələri uzandıqca ,çox söz-söhbət olacaq ,Qərb belə hallarda haqlı düşünə bilər ki sübut yoxdur ona görə hökm çıxarılmır .Bu cinayətkarları dərhal mühakimə edib ömürlük zindana atmaq lazımdır .Mən belə başa düşürəm ki ,bunları azad edəcəklər