Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin (İB) abonent uçotu sistemlərində (öncədən ödənişli və mexaniki sayğaclar) artıq yeni tariflərin tətbiqinə start verilib.
Məlumata görə, proqram təminatında dəyişikliklər tam tətbiq olunanadək öncədən ödənişli sayğaclar üzrə yanvarın 2-dən alınan qazın dəyəri yeni tariflərlə hesablanaraq növbəti ödənişlərdə nəzərə alınacaq.
"Mexaniki sayğaclar üzrə göstəricilər 2025-ci ilin ilk oxunuşunda yeni tariflərə uyğun olaraq hesablanacaq. İstehlakçılar tərəfindən yeni tariflə hesablamalar barədə yaranacaq sual və ya şikayətlərə "Azəriqaz"ın Tarif Komissiyasında müvafiq qaydada baxılacaq", - İB bildirir.
Qeyd edək ki, Tarif Şurasının qərarına əsasən, əhali üzrə illik istehlak həcmi 1 200 kubmetr olan hissə üçün 1 kubmetr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2 %) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində, 1 200 kubmetrdən 2 500 kubmetrədək olan hissə üçün 2 qəpik (10 %) artırılaraq 20 qəpikdən 22 qəpik, 2 500 kubmetrdən çox olan hissə üçün 5 qəpik (20 %) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.
Həmçinin, 1 kubmetr təbii qaz üzrə orta tarif əhali üzrə 1,3 qəpik (8,7 %) artırılıb.
Tarif dəyisikliyindən sonra əhali abonentlərinin orta aylıq xərcinin aşağıdakı kimi artması gözlənilir.
- 48 % abonent üzrə - 32 qəpik,
- 39 % abonent üzrə - 1 manat 43 qəpik,
- 13 % abonent (daha çox istehlak edən) üzrə - 7 manat 46 qəpik.
Göründüyü kimi, əhalinin 48 %-i üçün 1 kubmetr təbii qazın tarifi maksimum aşağı səviyyədə - 0,5 qəpik (yarım qəpik, 4,2 %) artırılıb.
Elektrik istehsalında istifadə olunan təbii qazın tarifi 2 qəpik (12,1 %) artırılaraq 16,5 qəpikdən 18,5 qəpik səviyyəsində, sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kubmetr təbii qazın tarifi 2 qəpik (9 %) artırılaraq 22 qəpikdən 24 qəpik həddində müəyyənləşdirilib.
Qərar yanvarın 2-dən qüvvəyə minib.

Şərhlər
derd
derd
Allah sizə insaf versin....
O biri iidarə və təşkilatlara da deyin,əgər onlar da külli miqdarda yeyib dağıdıblarsa onlar da təcili qiymətlərini qaldırsınlar ki,kasıb-kusubun əyilmiş belindən sıyırıb çıxarsınlar milyonları,təki mühasibat uçotları düz gəlsin.Gecikməsinlər,ötən il başa çatıb ee,üç gün də ötüb. Kommunal xidmətlər,işıq pulu,su pulu,lift pulu,zibil pulu,it pulu,əndam plu-filan,nə varsa hamısını qaldırsınlar təcili.
Öz təbii sərvətimiz olan qaz niyə artmalıdır?Başqa dövlətə baha qiymətə sata bilərsiniz,amma kasıb xalqa bunu etmək olmaz.Köhnə qiymətlə ödəməkdə çətinlik çəkirdi camaat yazıq..
Aaaa! Nə yaxşı! A balam,elə bunu gözləyirdi də qaragün camaat.Qaz vurub qazan dolduranların özləri də yatmayıblar Yeni il gecəsi mən ölüm, deyiblər bircə səhər açılaydı,bu xoş xəbəri tezcə çatdıraydıq millətə.Ay səni xeyir xəbər olasan.