Bir neçə gündür sosial şəbəkələrin və mətbuatın aparıcı gündəm mövzularından biri tanınmış rejisssor Ayaz Salayevlə müğənni Röya arasında yaranan qalmaqaldır. Qısa desək, Ayaz Salayev Röyanı Kann Festivalındakı qırmızı xalının üzərinə çıxmasını və bununla özünü reklam etməsini qınayıb, dolayısı ilə müğənnini görməmişlikdə günahlandırıb. Əcəb də edib... Salayev onu da əlavə edib ki, Röyaya təqdim edilən "Azərbaycan musiqisinin mədəniyyət səfiri" mükafatının Kann Film Festivalı ilə heç bir əlaqəsi yoxdur. Bunu da doğru deyib. Röya isə buna öz “intellektinə” və səviyyəsinə uyğun olaraq, təhqirlə cavab verib ki, bunu da burada təkrarlamağa lüzum görmürük...
Hər nə isə bu qalmaqala adi şou-maqazin hadisəsi kimi baxıb diqqət verməmək doğru olardı. Lakin ortada rəsmən “Xalq artisti” adı daşıyan birisi, onun "Azərbaycan musiqisinin mədəniyyət səfiri" kimi təqdim olunması və bunda böyük ehtimalla son on illərdir yarımadığımız Azərbaycan Mədəniyyət Nazirliyinin rolu məsələsi var. Bu seçimi kim edib, “mədəniyyəti” hamıya bəlli olan bu adamı kim ölkəmiz adından “mədəniyət səfiri” səviyyəsinə qaldırıb? Doğrudanmı, "Azərbaycan musiqisinin mədəniyyət səfiri" adını daşımağa layiq olan başqa birisi yoxdur? Ümimiyyətlə, bizim bir çox nazirliklər kimi, Mədəniyyət Nazirliyi və naziri sarıdan bəxtimiz nə vaxt açılacaq?
İndi də ictimai şüurun geri qaldığı və ictimai savadsızlığın geniş yayıldığlı hazırkı mühitin acı reallıqlarına uyğun olaraq, az qala daş karxanasındakı fəhlədən akademiya işçisinə qədər hamı “Ayaz Salayev, yoxsa Röya” seçimi üzərində “baş sındırır”...
Doğrudur, Ayaz Salayevin özünün Azərbaycan milli kimliyinin dərk edilməsi və bunun əhəmiyyəti, eləcə də regiondakı geosiyasi prosesləri, Rusiyanın, rus dilinin bölgəmizdəki gerçək siyasi missiyasını anlamaq sarıdan ciddi problemləri var. Bu baxımdan rus dili ilə bağlı məlum çıxışlarına görə onu, əndazəni aşmadan, tənqid edənlər böyük ölçüdə haqlıdırlar. Ancaq öz mövqeyi, səviyyəsi olan bir şəxsiyyət, mədəniyyət və incəsənət xadimi, kino maarifçisi kimi onun çəkisi əlbəttə, Röya kimi təbiətin verdiyi səs və istedaddan başqa heç nəyi olmayan və heç nə öyrənmək istəməyən, o cümlədən adi ictimai davranış, danışıq etikasını belə öyrənməyə tənbəllik edən birisilə eyni tərəziyə qoyulası kimi deyil. Ancaq nə olsun? Ölkədəki ictimai mühit və bu cür “xalq artistləri”nə verilən imtiyazlar onlara özlərindən on baş yuxarı xidmətləri, dəyəri olan şəxslərə həqarət etmək imkanı verir...
Yeri gəlmişkən, bu baş verənlər və buna bənzər qalmaqallar bir daha “Xalq artisti” fəxri adının öz gerçək dəyərini itirdiyini və bu adın ümumiyyətlə ləğvi məsələsini gündəmə gətirir. Ən azı ona görə ki, musiqi, kino, incəsənət tariximizin korifeylərini bugünkü “manıslar”la eyni səviyyəyə qoymaq çox qüsurludur.
Zamanında “Xalq artisti” adı daşıyan böyük sənətkarlar tək öz istedadları ilə deyil, həm də şəxsiyyəti, mədəniyyəti ilə ictimai nüfuz, “avtoritet” sahibi idilərsə, indikilər daha çox “kriminal avtoritet” kimi görünürlər və bununla fəxr edirlər...
Cəlal Məmmədli
“AzPolitika.info”

Şərhlər
Salam, ağac bar verdikcə başını aşağı əyər, pul, şan-şöhrət, ad qazanmağla da yadda qalmaq olmur, əlbəttə ki, yadda qalanlar var, Üzeyir Hacibeyli, Müslüm Maqamayev, Rəşid Behbudov kimi sənətkarlar, çünki bu insanlar, çox sadə idilər, Ü Hacibeyli dahi, dünyada tanınan bəstəkar idi, R. Behbudov 40-Dan çox ölkədə canlı konsert verib, bu insanlar təmkinli idi, danışıqlarını bilirdilər. Qırmızı xalıya çıxmaq sanki, böyük bir işdir, ora çıxanlar kimlərdi ki.... Qaldı ki, heç vaxt unudulmayanlar, yalnız Allahın elçiləri olacaq!
Agac bar verdikcə başını aşağı əgər, pul, ad, şan-şöhrət hər şey deyil, bunları qazanıb, sanki hər şey əldə etmisiz, çox güman ki, özünüz olmayanda, tarix də unudacaq, ada layiq olanlar, Üzeyir Hacibeyli, Müslüm Maqamayev, Rəşid Behbudov kimi sənətkarlar olub, özləri olmasa da adları yaşayır və yaşayacaq, çünki şan - şöhrət ağıllarını almadı, hər zaman danışıqlarıni, yerlərini bildilər. Qırmızı xalıya çıxmaq nediki, sanki ora çıxanlar, böyük adamlar olub. Heç vaxt unudulmayan isə, yalnız Allahın elçiləri olacaq!!!!
daqil a dünya (((
Ayaz Salayev düzgün danişir. Röyanin orada nə işi var ? Heçkim onu ora dəvət etməyib.Özünü biabr etdi çüşka.
Bu məsələ son günlər deyərdim ki, gündəmi zəbt edibdir, mənim fikrimcə, əgər ora dəvətnamə ilə çağırılmırlarsa, deməli imkanı və həvəsi olan istənilən şəxs gedə bilər. Röya da həmin festivala gedib və geyimi, görüntüsü ilə deyərdim ki, şəxsən mənim çox xoşuma gəlmişdir...ancaq gərək nə Ayaz və nə də Röya biri-birinə qarşı söz atmayaydılar...vəssalam...
Sonda doğru analiz verdiniz.Xalq artisti titulu soyunması.eybcərliyi.başından böyük danışmaları ilə seçilən manıslara nəyin müqailində verlir? ....Xalqın adından necə təqdimat verilir? Yoxsa bu məsələ də rüşvətləhəll olunur?
Qeyri adi ,esrarengiz sese malik ,xalqın sevimlisi merhum Qulu Esgerova heç bir fexri ad verilmemişdi indi Faiqler ,Royalar "meydan sulayır" .Meger bu edaletdirmi ya Xalqa hörmetdurmi?