Şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük marağını və tədris ili boyunca imtahanlara hazırlığını nəzərə alaraq, Təhsil İnstitutu yeni qərar verib. Belə ki, 2025–2026-cı tədris ili üçün istisna olaraq V, VI və VIII siniflər üzrə də qəbul prosesi həyata keçiriləcək.
Bu barədə “AzPolitika.info” xəbər verir ki, Təhsil İnstitutu lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı yaydığı yeni açıqlamada bildirib. Qeyd olunur ki, mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanında IV, V və VII sinif şagirdləri (yəni 2025–2026-cı ildə V, VI və VIII sinfə keçəcək) iştirak edə biləcəklər.
Xatırladaq ki, daha əvvəl yalnız VI sinif şagirdlərinin qəbul ediləcəyi bildirilmişdi. Halbuki əvvəlki illərdə qəbul V, VI, VII və VIII sinifləri əhatə edirdi. Bu dəyişiklik cəmiyyətdə ciddi narazılıq yaratmış, valideynlər, müəllimlər və şagirdlər etirazlarını media və sosial şəbəkələrdə geniş şəkildə ifadə etmişdilər.
Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzi də məsələ ilə bağlı bəyanat yayaraq, bu qərarı tənqid edib. Bəyanatda bildirilir ki, bu addım təhsil sistemində ciddi problemlərə səbəb ola bilər:
-Bu qərar beynəlxalq təcrübəyə ziddir. İnkişaf etmiş ölkələrdə – Finlandiya, Cənubi Koreya, Sinqapur, Almaniya və Fransada – istedadlı uşaqlar erkən mərhələdə seçilir və onlara uyğunlaşdırılmış təhsil imkanları yaradılır.
-İstedadlı uşaqların yalnız bir sinif üzrə qəbul imkanının məhdudlaşdırılması onların inkişaf potensialını zəiflədə bilər.
Mərkəz hesab edir ki, sözügedən qərar şagirdlərin yaş xüsusiyyətləri və pedaqoji ardıcıllıq pozulur: ”5-8-ci sinif şagirdləri arasında psixoloji və intellektual inkişaf baxımından mühüm fərqlər var. Pedaqoji ardıcıllıq baxımından liseylərə erkən mərhələdə keçid etmək:
-İstedadlı uşaqların inkişafını sürətləndirir;
-Tədris proqramını daha dərindən mənimsəmələrinə imkan verir;
-Akademik uyğunlaşma daha rahat təmin olunur”.
Mərkəz hesab edir ki, yalnız VII sinif üzrə qəbulun tətbiqi minlərlə şagirdin və valideynin uzunmüddətli planlarını puç edir. Bundan başqa, bu qərar sosial ədalət prinsiplərinə ziddir. İllərlə aztəminatlı ailələrin övladları üçün ödənişsiz təhsil imkanları təmin edən bu sistemin dəyişdirilməsi:
-Sosial bərabərliyə və təhsil hüququna ziddir;
-Ailələrin hazırlıq kurslarına sərf etdiyi maddi vəsaiti mənasız edir;
-Müəllimlərin dərs saatları və iş yerlərini təhlükə altına salır.
Bəyanatda həmçinin qeyd olunur ki, 2023 və 2024-cü illərdə valideynlər və şagirdlər mərkəzləşdirilmiş imtahanlara ciddi maddi və mənəvi sərmayə qoyublar. Bu qərarın ictimai müzakirə edilmədən tətbiqi:
-Valideyn-məktəb münasibətlərində inam böhranı yaradır;
-Təhsil sisteminin şəffaflığına və proqnozlaşdırıla bilməsinə ziddir.
Rasim Əliyev
AzPolitika.info

Şərhlər