Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri növbəti dəfə mötəbər beynəlxalq tədbirə ev sahibliyi edib. IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev geniş nitq söyləyib, xarici ekspertlərin və media nümayəndələrinin qlobal siyasətə dair çoxsaylı suallarını ətraflı cavablandırıb. Dövlət başçısı öz çıxışında rəsmi Bakının xarici siyasət kursu, qlobal logistik layihələr, beynəlxalq təşkilatlarla münasibətlər və böyük güclərlə əlaqələrə dair prinsipial mövqeyini bəyan edib.

Hava dəhlizi daralır, Orta Dəhliz böyüyür

Prezident bildirib ki, Azərbaycan regional və qlobal nəqliyyat bağlantılarının qurulması istiqamətində on ildən artıqdır ki, fəal və ardıcıl siyasət yürüdür.

Dövlət başçısı regional münaqişələr və gərgin geosiyasi qarşıdurmalar dövründə Azərbaycanın daşımalar üçün yeganə təhlükəsiz marşrut olduğunu bu sözlərlə ifadə edib: "Gərgin qarşıdurma dövründə uçuşların xəritəsinə baxsaydınız, çox dar hava dəhlizinin məhz Azərbaycan üzərindən keçdiyini görərdiniz. Eyni vəziyyət Xəzər dənizi vasitəsilə həyata keçirilən dəniz daşımalarına və quru nəqliyyatına da aiddir. Bütün bu amillər Azərbaycanın əhəmiyyətini daha da artırır. Sevindirici haldır ki, biz artan yük axınını qəbul etməyə hazırıq. Hazırda infrastrukturumuzu genişləndiririk. Xəzər hövzəsində ən böyük ticarət limanı olan və hazırda illik 15 milyon ton yükötürmə gücünə malik limanımızın imkanları 25 milyon tona çatdırılacaq. Hazırda gəmiqayırma zavodumuzda Avropadan və Avropaya daşınan yüklərin nəqlini təmin etmək üçün 10 gəmi inşa olunur. Mərkəzi Asiya ölkələri və Avropa Komissiyası ilə yaxın münasibətlərimiz, həmçinin bu iki istiqamətin tam mərkəzində yerləşməyimiz Azərbaycan üçün böyük üstünlük yaradır".

Prezident qeyd edib ki, coğrafi mövqeyin əhəmiyyətinin bu dərəcədə artacağı əvvəlcədən proqnozlaşdırılmasa da, Bakı həm Şərq, həm də Qərb istiqamətindəki qonşuları ilə mükəmməl əlaqələr qurub. Mərkəzi Asiya, Gürcüstan, Türkiyə və Avropa ilə qurulan bu yaxşı münasibətlər nəqliyyat dəhlizlərinin effektiv işləməsini təmin edir.

Dövlət başçısının qeyd etdiyi "hava dəhlizinin daralması" və yük axınının Azərbaycana yönəlməsi, Rusiya-Ukrayna müharibəsi və Qırmızı dənizdəki gərginlikdən sonra Şimal və Cənub marşrutlarının risk altına düşməsinin birbaşa nəticəsidir. Azərbaycan hazırda Şərqlə Qərbi birləşdirən ən təhlükəsiz və qısa multimedia marşrutu – Orta Dəhlizin multimodal qovşağına çevrilib. Mərkəzi Asiya ölkələrinin öz yüklərini dünya bazarına çıxarmaq üçün Bakı marşrutuna ehtiyacı və Avropa İttifaqının bu dəhlizin inkişafına milyardlarla avro investisiya ayırmaq planı dövlət başçısının qeyd etdiyi "tam mərkəzdə yerləşmə" üstünlüyünü təsdiqləyir.

Hazırda illik 15 milyon ton yükötürmə və 100 min TEU konteyner daşıma gücünə malik olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının infrastrukturunun genişləndirilməsi ilə bu göstərici 25 milyon tona çatdırılır. Xəzərdə tranzit tıxaclarını aradan qaldırmaq üçün Bakı Gəmiqayırma Zavodunda hazırda eyni vaxtda 10 yeni gəminin inşası aparılır. Qeyd edək ki, son illərdə Orta Dəhliz vasitəsilə daşınan yüklərin həcmində hər il ortalama 30-50% arası artım qeydə alınır ki, bu da ölkəyə daxil olan logistika, gömrük və tranzit rüsumlarının ciddi şəkildə yüksəlməsini təmin edir.

Avropa Şurasına sərt ultimatum: "Geri addımı onlar atmalıdır"

Prezident İlham Əliyev Forumdakı çıxışında Avropa Şurası və onun Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı yürütdüyü qərəzli siyasəti kəskin tənqid edib. Dövlət başçısı bəyan edib ki, Azərbaycan Avropa Şurasını tamamilə tərk etsə belə, ölkə daxilində bunu demək olar ki, heç kim hiss etməyəcək və bu, ciddi bir dəyişiklik yaratmayacaq.

Azərbaycanın 2001-ci ildə bu təşkilata böyük ümidlərlə, Qarabağ münaqişəsinin həllinə və suverenliyin bərpasına kömək edəcəyi gözləntisi ilə üzv olduğunu xatırladan Prezident, indiki Avropanın və qurumun tamamilə dəyişdiyini bildirib.

Dövlət başçısı 2023-cü ilə qədər Bakının heç bir sanksiya ilə üzləşmədiyini, lakin torpaqlarını azad etdikdən sonra qərəzli hücumların başladığını vurğulayıb: "Məhz bundan sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycanı cəzalandırmaq qərarına gəldi. 2024-cü ilin yanvarında isə Assambleya Azərbaycan nümayəndə heyətinin mandatını müzakirəyə çıxardı və nümayəndə heyətini səsvermə hüququndan məhrum etdi”.

Dövlət başçısı nümayəndə heyətimizin səsvermə hüququ olmadığı bir yerdə fəaliyyətini dayandırmasını tamamilə düzgün addım adlandırıb. O, həmçinin Azərbaycanın iştirakı olmadan seçilən Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) hakimlərinin qərarlarının ölkəmiz tərəfindən tanınmadığını ilk dəfə açıqlayıb.

Prezident rəsmi Bakının qurumdan tamamilə çıxmaq niyyətini və bu prosesin pərdəarxasını belə izah edib: "Çünki səsvermə hüququmuz yoxdursa, orada olmağımızın nə mənası var? Yeri gəlmişkən, biz həmin vaxtdan etibarən Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinin seçilməsində də iştirak etməmişik. Məhz buna görə də Azərbaycan həmin məhkəmənin qərarlarını tanımır. Çünki həmin hakimlərin kim olduğunu müəyyənləşdirən səsvermədə iştirak etməmişik. İki ildən artıqdır ki, biz ayrı-seçkiliyə məruz qalırıq. Açıq şəkildə deyə bilərəm ki, hökumətdə təkcə Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətimizi dondurmağı deyil, ümumilikdə Avropa Şurasını tərk etməyi də ciddi şəkildə müzakirə etmişik. Lakin Avropa Şurasının Baş katibi Alen Berse mənə müraciət edərək bunu etməməyimizi və vəziyyəti yaxşılaşdırmaq üçün imkan yaratmağımızı xahiş etdi. Mən də bu qərarı hələlik təxirə saldım. Təəssüf ki, o vaxtdan bəri heç bir irəliləyiş yoxdur. Əksinə, Avropa Şurası Parlament Assambleyası tərəfindən Azərbaycana qarşı tamamilə qəbuledilməz və ultimativ tələblər irəli sürülür. Münasibətləri pozan biz olmamışıq, onlar olublar. Heç bir hüquqi əsas olmadan bizi səsvermə hüququndan məhrum etdilər. Buna görə də atılmalı olan addım odur ki, əvvəlcə Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ bərpa edilsin. Bundan sonra nümayəndə heyətimiz Assambleyaya qayıdacaq. Məsələ məhz belə olmalıdır, əksinə yox. Biz onlara qarşı heç bir yanlış addım atmamışıq. Ədalətsiz qərarı onlar qəbul ediblər. Buna görə də geri addımı da onlar atmalı, cəsarət göstərərək böyük səhvə yol verdiklərini etiraf etməlidirlər."

Prezident eyni zamanda Avropa Parlamentinin son 5 ildə Azərbaycana qarşı 13 əsassız qətnamə qəbul etdiyini və bu qurumun artıq ölkəmizə qarşı bir növ "obsessiya" (mərəz) içində olduğunu bildirib.

Beləliklə, Azərbaycan səsvermədə iştirak etmədiyi üçün AİHM hakimlərinin legitimliyini qəbul etmir və məhkəmənin qərarlarını tanımır. Bu, Azərbaycanın daxili hüquqi məkanını xarici siyasi təzyiqlərdən qorumaq üçün atılmış radikal və suveren addımdır.

Dövlət başçısının vurğuladığı kimi, Avropa Şurasından tam çıxmaq ölkə daxilində heç bir böhrana səbəb ola bilməz. Azərbaycanın daxili qanunvericiliyi və iqtisadi institutları tam formalaşıb, investisiya mühiti isə AŞPA-nın qərarlarından deyil, ölkənin reytinqindən və təhlükəsizliyindən asılıdır. Avropa Parlamentinin 13 qətnaməsinin Bakı üçün sıfır effektivliyə malik olması isə Azərbaycanın Qərbin qanunverici orqanlarından tam strateji asılısızlığını sübut edir.

Avropa Komissiyası ilə əlaqələrdə yeni dinamika

Dövlət başçısı çıxışında Avropa Komissiyası ilə münasibətlərə də toxunaraq, AŞPA-dan fərqli olaraq bura ilə əlaqələrin fərqli dinamikaya malik olduğunu qeyd edib.

İlham Əliyev Avropa İttifaqının xarici siyasət strukturuna Cozef Borrelin rəhbərlik etdiyi dövrü münasibətlərin ən kritik mərhələsi kimi qiymətləndirib və Komissiya daxilindəki anti-Azərbaycan qrupunu, həmçinin bəzi korrupsiyaya uğramış beynəlxalq şəxsləri ifşa edib: "Avropa Komissiyası və Avropa Şurası Parlament Assambleyası ilə münasibətlərə gəldikdə, bunların arasında çox böyük fərq var. Avropa Komissiyası ilə münasibətlərimiz müxtəlif olub. Cənab Borrelin Avropa diplomatiyasına rəhbərlik etdiyi dövrdə bizim aramızdakı münasibətlər, Avropa Komissiyası ilə Azərbaycan arasında əlaqələr demək olar ki, tam uçuruma getmişdir. İndi biz deyə bilərik ki, bəzi korrupsiyaya uğramış şəxslər, o cümlədən Beynəlxalq Məhkəmənin keçmiş nümayəndəsi cənab Okampo öz fikrini də bildirib. O, müəyyən maliyyə mənbəyindən yararlandı və bir erməni oliqarxı Ermənistanla bağlı olan məsələlərdə ona dəstək verib. Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi və ümid edirik ki, cənab Borrel birdəfəlik olaraq siyasətdən gedib. O vaxtdan bəri bizim münasibətlər yaxşılaşmağa başladı. Xüsusən də biz gördük ki, həmin bu münasibətlərin qarşılıqlı şəkildə yenidən başlanılmasına böyük bir ehtiyac var və biz bunu dəstəklədik."

Hazırda Avropa Komissiyası ilə münasibətlərin səviyyəsindən çox razı qaldığını bildirən Prezident, son aylarda Aİ-nin yüksək səviyyəli rəsmilərinin Bakıya ardıcıl səfərlərini tərəfdaşlıq nümunəsi kimi dəyərləndirib.

Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın Azərbaycan qazına tələbatının kəskin artdığını deyən dövlət başçısı, enerji sahəsindəki mövcud vəziyyəti və ixrac strategiyasını belə izah edib: "Bu il Almaniya və Avstriyaya qaz tədarükünə başladıq. Bu, qlobal, xüsusilə də Avropa qaz bazarında mövqeyimizi genişləndirmək istiqamətində həyata keçirdiyimiz ümumi strategiyanın bir hissəsidir. Avropa bazarı premium bazardır. Burada qiymətlər daha əlverişlidir. Buna görə də biz bazardakı iştirakımızı genişləndirməkdə çox maraqlıyıq. Hazırda Azərbaycan qazını boru kəmərləri vasitəsilə 16 ölkəyə ixrac edir. Boru kəməri ilə qaz tədarükünün coğrafiyasına görə dünyada birinci yerdəyik. Bununla da kifayətlənmirik. Hazırda Avropa İttifaqına üzv bəzi digər ölkələrlə də qaz ixracına başlamaq və mövcud tədarük həcmlərini artırmaq barədə danışıqlar aparırıq... Cəmi bir ay əvvəl 'Azəri–Çıraq–Günəşli' yatağının Dərin Qaz layihəsi üzrə hasilata başladıq. Mövcud yataqlarda da iş proqramına və investisiya portfelinə uyğun olaraq hasilat artacaq. Bundan başqa, bərpa olunan enerji sahəsində də böyük işlər görülür... 2032-ci ilə qədər bərpa olunan enerji mənbələri üzrə 8 giqavat gücə çatmağı planlaşdırırıq. Bu isə hazırda elektrik enerjisi istehsalında istifadə etdiyimiz bir neçə milyard kubmetr təbii qazın qənaət olunmasına imkan verəcək və həmin həcm ixrac üçün əlçatan olacaq. Beləliklə, bizim iki mühüm üstünlüyümüz var: artan qaz hasilatı və mövcud bazar. İndi əsas məsələ bu iki amili birləşdirən nəqliyyat infrastrukturunu genişləndirmək və modernləşdirməkdir... Avropa Komissiyası bizə müraciət edərək, hasilatı mümkün qədər tez artırmağımızı xahiş etdi və biz bunu etdik. Yeri gəlmişkən, Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayenin Azərbaycana səfəri zamanı da elan olundu ki, 2022-ci ildən bəri Avropa İttifaqına qaz ixracımız 65 faiz artıb. Bu artım gələcəkdə də davam edəcək. Buna görə də mövcud nəqliyyat infrastrukturunun genişləndirilməsi zəruridir. Lakin əsas maneə Avropa İttifaqının Yaşıl Gündəliyidir. Avropa bankları artıq fosil yanacaq layihələrinin maliyyələşdirilməsinə həvəs göstərmirlər. Buna görə də əsas sual budur: nəqliyyat infrastrukturunun genişləndirilməsi üçün maliyyə vəsaitini haradan cəlb etmək olar?"

Prezident İlham Əliyev Aİ ilə münasibətləri şərh edərkən çox dəqiq bir fərqləndirmə aparır. Cozef Borrelin dövründə Aİ-nin xarici siyasət idarəsinin Fransa və erməni lobbisinin təsiri altına düşməsi münasibətləri uçuruma aparmışdı. Luis Moreno Okamponun erməni oliqarxları tərəfindən maliyyələşdirilən qərəzli hesabatları da bu qara piarın tərkib hissəsi idi. Lakin Borrelin gedişi və Avropa ittifaqı rəhbərliyinin Bakıya intensiv səfərləri göstərir ki, Avropanın real iqtisadi maraqları siyasi ritorikadan daha güclüdür.


Azərbaycan hazırda Cənub Qaz Dəhlizi (TAP və TANAP) vasitəsilə 16 ölkəyə qaz ixrac edir. "Azəri-Çıraq-Günəşli" yatağının Dərin Qaz layihəsindən ilkin hasilatın başlanması bu artımı stimullaşdırır. Prezident çıxışında Avropanın ən böyük paradoksuna və maneəsinə toxunur: Aİ qazı artırmağı xahiş edir, lakin öz bankları "Yaşıl Gündəlik" bəhanəsi ilə kəmərlərin genişləndirilməsini maliyyələşdirməkdən imtina edir. Bakı bu məsələdə maliyyə yükünün ədalətli bölünməsini tələb edir. Digər tərəfdən, Azərbaycan 2032-ci ilə qədər 8 giqavat yaşıl enerji gücü yaratmaqla daxili qaz sərfiyyatına qənaət edib həmin həcmi də Avropaya yönəldəcək.

Bakı-Vaşinqton xəttində yeni dövr - 907-ci düzəliş iflas etdi

Prezident İlham Əliyev ABŞ ilə münasibətləri şərh edərkən Ağ Evin müxtəlif administrasiyaları dövründə yaşanan dinamikaya toxunub.

Dövlət başçısı Bayden administrasiyası ilə yaşanan çətinliklərin kökündə dayanan tarixi 907-ci düzəlişin ədalətsizliyindən bəhs edərək, bu gün Azərbaycanın Ermənistan üçün əksinə, əsas tranzit və yanacaq mənbəyinə çevrildiyini diqqətə çatdırıb.

İlham Əliyev 907-ci düzəlişin simvolik mənada hələ də qalmasını tənqid etsə də, Tramp administrasiyası ilə münasibətlərin artıq tarixin ən yüksək strateji tərəfdaşlıq səviyyəsinə çatdığını məmnunluqla ifadə edib: "Bu faktlar bir daha göstərir ki, 907-ci düzəliş tamamilə köhnəlib və tam şəkildə ləğv edilməlidir. Təəssüf ki, Prezident Trampın qəti mövqeyinə baxmayaraq, Konqres bunu hələ etməyib. Yeri gəlmişkən, ötən ilin avqustunda Vaşinqtonda, Ağ evdə keçirdiyimiz görüş zamanı Prezident Tramp mənim iştirakımla bu düzəlişin tətbiqini bir il müddətinə dayandıran sənədi imzaladı. Hazırda düzəliş praktik baxımdan tətbiq olunmur. Lakin onun simvolik və siyasi mənası hələ də qalır. Mən hesab edirəm ki, Konqres bu düzəlişi nə qədər tez tam ləğv etsə, həm Azərbaycan, həm də ABŞ Konqresi üçün bir o qədər yaxşı olar... Deyərdim ki, Tramp administrasiyası ilə Azərbaycan arasında münasibətlər əladır. Biz çox məmnunuq ki, bu münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ötən ilin avqustunda Vaşinqtonda Prezident Tramp ilə tarixi görüşüm, bu ilin yanvarında Davosda keçirdiyimiz görüş, Prezident Trampın təşəbbüsü ilə yaradılmış Sülh Şurasının təsisçi üzvlərindən biri olmaq üçün Azərbaycanın dəvət edilməsi, vitse-prezident Cey Di Vensin Azərbaycana səfəri, Bakıda onunla strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyannamənin imzalanması və digər hadisələr münasibətlərimizin tarixdə görünməmiş səviyyəyə yüksəldiyini göstərir. Hazırda biz Strateji Tərəfdaşlıq Bəyannaməsinin bütün müddəalarının icrası istiqamətində fəal işləyirik. Bu məqsədlə yaradılmış işçi qrupları ticarət və investisiyalar, rəqəmsal transformasiya və süni intellekt, energy təhlükəsizliyi və nəqliyyat bağlantıları, müdafiə və silah satışları sahələrində çox fəal fəaliyyət göstərirlər. ABŞ Azərbaycana silah satışına tətbiq edilən bütün məhdudiyyətləri aradan qaldırıb. Bundan dərhal sonra Böyük Britaniya və Avropa İttifaqına üzv ölkələr də eyni addımı atdılar. Düşünürəm ki, bütün bunlar ikitərəfli münasibətlərimizin ruhunu, mahiyyətini və gələk potensialını çox aydın şəkildə nümayiş etdirir."

Prezident İlham Əliyevin təhlili ABŞ-ın regional siyasətindəki kəskin kurs dəyişikliyini ortalığa qoyur. Co Bayden administrasiyasının ermənipərəst mövqeyi münasibətlərdə soyuqluq yaratmışdı. Lakin Donald Trampın hakimiyyəti dövründə Vaşinqton-Bakı xətti tamamilə praqmatizm və güclü strateji tərəfdaşlıq müstəvisinə keçib. ABŞ Ermənistanın birtərəfli hamisi olmaqdan uzaqlaşaraq, Azərbaycanın regiondakı reallıqlarını və gücünü qəbul etdi. Trampın təşəbbüsü olan Sülh Şurasına Azərbaycanın dəvət edilməsi və vitse-prezident Cey Di Vensin Bakı səfəri münasibətlərin pik nöqtəsidir.

1992-ci ildə erməni lobbisinin təzyiqi ilə qəbul edilən və Azərbaycanı ABŞ yardımından məhrum edən bu düzəliş bu gün tamamilə gülünc xarakter daşıyır. Prezident faktlarla sübut edir ki, blokada iddialarının əksinə olaraq, hazırda Azərbaycan ərazisindən Ermənistana 40 min tondan çox müxtəlif yük daşınıb və Bakı Ermənistana 10 min tondan çox neft məhsulu ixrac edərək onu enerji böhranından xilas edir.

Münasibətlərin ən böyük praktik nəticəsi ABŞ-ın Azərbaycana silah satışına qoyduğu bütün embarqo və məhdudiyyətləri tamamilə ləğv etməsidir. Bu addım dərhal Böyük Britaniya və Aİ ölkələri tərəfindən də təkrarlanıb ki, bu da Azərbaycanın hərbi-sənaye kompleksinin diversifikasiyasına və müdafiə qabiliyyətinin güclənməsinə birbaşa iqtisadi və hərbi təkan verir. İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsi çərçivəsində rəqəmsal transformasiya, süni intellekt, enerji təhlükəsizliyi və ticarət sahələrində aktiv kapital dövriyyəsi və texnoloji transfer stimullaşdırılır.

Yekun olaraq qeyd edək ki, Prezident İlham Əliyevin Şuşa Forumundakı çıxışının iqtisadi və geosiyasi anatomiyası göstərir ki, Azərbaycan Cənubi Qafqazın şərtləri diktə edən mütləq lideridir. Bakı Qərblə münasibətlərdə birtərəfli təzyiqləri (AŞPA, Borrel dönəmi, 907-ci düzəliş) özünün suveren gücü, alternativ iqtisadi dəhlizləri (Orta Dəhliz) və əvəzolunmaz enerji resursları ilə tamamilə neytrallaşdırıb. Qərb Bakı ilə dil tapmaq və öz enerji/logistika təhlükəsizliyini təmin etmək üçün mütləq şəkildə Azərbaycanın suverenliyinə və şərtlərinə hörmət etməlidir.

E.Rüstəmli

“AzPolitika.info”