İşğal olunmuş Krım Rusiya Prezidenti Vladimir Putinin ən böyük nailiyyəti - Ukraynaya qarşı müharibədə dayaq nöqtəsi və onun imperiya ambisiyalarının simvolu olmalı idi. Lakin, yarımada indi əksinə, həm Putinin özü, həm də Rusiya ordusu üçün kritik bir zəif nöqtəyə çevrilir. 

“AzPolitika” xəbər verir ki, “Politico”da dərc edilən məqalədə belə deyilir.

Yazıda qeyd olunur ki, bu gün Krım əhalisi elektrik enerjisi və su təchizatında ciddi fasilələrlə üzləşir: “Üstəlik, yarımada tam bir yanacaq böhranı yaşayır. Ukrayna dronları hərbi obyektlərə və enerji mənbələrinə zərbələr endirir. Mobil telefon xidməti tez-tez elektrik kəsintiləri səbəbindən pozulur, ictimai nəqliyyat demək olar ki, yoxa çıxıb. Fizki şəxslərə və müəssisələrə yanacaq satışı qadağandır. Qiymətlər kəskin şəkildə artıb və çoxlarının asılı olduğu turizm mövsümü fiaskoya uğrayıb.

Bundan əlavə, Krımı tərk etmək bir çoxları üçün demək olar, mümkünsüz hala gəlib. Ukrayna dronları körpüləri dağıdıb və indi işğal olunmuş Cənubi Ukraynadan Rusiyaya gedən quru yolunu nəzarətdə saxlayır. Krımı təcrid etmək kampaniyası cənubdakı tarazlığı Ukraynanın xeyrinə dəyişdirdikcə, bir çoxları müharibənin yarımadada bitəcəyinə inanır”.

Yazıda Krımın Putin hakimiyyəti üçün əhəmiyyəti xüsusi qeyd edilir: “Krım həqiqətən də xüsusi bir yerdir. Ukraynadakı müharibə 2014-cü ildə onun ilhaq edilməsi ilə başladı və yarımadanı Rusiyanın imperiya gücünün demək olar ki, müqəddəs simvoluna çevirdi.

Son on ildə Rusiya yarımadanı hərbi bazaya çevirdi və bu, 2022-ci ildə tammiqyaslı işğal zamanı Rusiya qüvvələrinin Cənubi Ukraynanın bir hissəsini işğal etməsinə imkan verdi. Krım döyüş meydanında təhlükəsiz bir arxa cəbhəyə çevrildi və Rusiyanın cənub cəbhəsini təmin etdi. Yarımadanın sakinləri isə müharibədən nisbətən uzaqda, bir növ sığınacaqda qaldılar. Ancaq bu yay vəziyyət kəskin şəkildə dəyişdi…”

Məqalədə qeyd edildiyi kimi, Ukraynanın orta mənzilli hücum dronlarındakı üstünlüyü sayəsində ölkənin cənubundakı Rusiya hərbi potensialının bir hissəsi zəiflədildi və o, hətta tam məhv də edilə bilər. Faktiki Rusiya ordusununun bu hissədki logistikası tam pozulmaq üzrədir: “Ukrayna ümid edir ki, bu, Rusiyanı öz qüvvələrini cəbhənin digər hissələrindən buraya yönləndirməyə məcbur edəcək, Ukrayna ordusuna digər istiqamətlərdə təzyiqi azaldacaq və Rusiyanın şəhərlərə hücumlarını zəiflədəcək.

Krım, yarımadanın Rusiyanın nəzarətinə qayıtması ilə daxildəki populyarlığını artıran Putin üçün də böyük şəxsi əhəmiyyət kəsb edir. Krımın itirilməsi onun nüfuzuna birbaşa xələl gətirəcək və müharibəyə qarşı daxili narazılığı artıracaq. “Krım Rusiyanın imperiya ambisiyalarının qızıl açarıdır", - Ukrayna Baş Kəşfiyyat İdarəsinin keçmiş rəis müavini İlya Pavlenko bildirib.

Bəs bütün bunlar yarımadanın Ukraynaya qayıtması ilə bitə bilərmi? Pavlenko qeyd edib ki, Rusiya on illərdir Krımı hərbi, iqtisadi, təhsil və təbliğat vasitələri ilə ələ keçirməyə çalışır. Ukrayna da eyni dərəcədə geniş taktikalardan istifadə etməlidir.

"Biz həmişə demişik ki, Krım Ukraynadır və Ukrayna Krımı geri almaq üçün bütün metodlardan istifadə edəcək. Krımı yalnız hərbi yolla geri almaq olmaz... İndi diplomatlarımıza danışıqlar masasında oturub "Krımı kənarda qoymayacağıq" demək imkanı vermək üçün hərbi təzyiq tətbiq edirik”, - Pavlenko deyir.

Lakin Ukrayna yarımadanı Rusiya üçün indikindən daha çətin və baha başa gələn duruma salmağa çalışdığı kimi, onu saxlamaq, ehtimal ki, Ukraynanın özü üçün də eyni dərəcədə çətin və baha başa gələcək”.

Məqalənin sonunda Krımın tezliklə azad olunmasının Ukrayna üçün asan olmayacağı vurğulanır: "Krımın azad edilməsinin mümkün olduğuna inanıram. Amma yaxın gələcəkdə yox", - Ukrayna Müdafiə Strategiyaları Mərkəzinin sədri Andrey Zaqorodnyuk bildirib”.

C.Məmmədli

“AzPolitika.info”