ABŞ Dövlət Departamenti Rusiyaya qarşı sanksiyalar siyahısını növbəti dəfə genişləndirib. Bu dəfəki məhdudiyyətlər bilavasitə Rusiya Müdafiə Nazirliyinin əsas hərbi-logistik strukturlarını, hərbi sahəyə xidmət edən özəl şirkətləri və fiziki şəxsləri hədəf alıb. Eyni zamanda, ABŞ Konqresində Rusiya neftini alan ölkələrə qarşı 200 faizlik gömrük rüsumunun tətbiqini nəzərdə tutan sərt qanun layihəsi irəli sürülüb.
"AzPolitika" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı rəsmi bəyanatda bildirilir.
Dövlət Departamentinin qərarı ilə Rusiya Müdafiə Nazirliyinin strateji əhəmiyyətli aşağıdakı strukturları və onların bütün hüquqi varisləri, törəmə müəssisələri sanksiya siyahısına daxil edilib:
-Rusiya MN-in Baş Raket-Artilleriya İdarəsi - hərbi qüvvələrin silah və sursatla təminatına cavabdeh olan əsas qurum;
-1061-ci Maddi-Texniki Təminat Mərkəzi - ordu təchizatının logistikasını həyata keçirən struktur;
-Rusiya MN-in Perspektiv Qoşunlararası Tədqiqatlar və Xüsusi Layihələr İdarəsi - yeni nəsil hərbi texnika və texnologiyaların işlənməsinə cavabdeh orqan;
-Rusiya Quru Qoşunları.
Sanksiyalar çərçivəsində, həmçinin Rusiyanın "International Invest Company" və "Gedion Alpha Company" şirkətləri, eləcə də 5 Rusiya vətəndaşı - Aleksandr Prixodko, Andrey Qusev, Andrey Kosolapov, Vladislav Morozik və Sergey Tsıbarev siyahıya salınıb.
Sanksiyaların ən diqqətçəkən məqamı runsiyalı hərbçilərlə yanaşı, Rusiya enerjisinin xarici alıcılarına qarşı hazırlanan yeni qanun layihəsidir. ABŞ Konqresinin Senatı Rusiya və İrana qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutan sənədi böyük səs çoxluğu ilə dəstəkləyib.
Qanun layihəsi ABŞ Prezidenti Donald Trampa Rusiya nefti və təbii qazının dünyadakı ən iri alıcılarına (Çin, Hindistan və s. kimi ölkələr nəzərdə tutulur) qarşı 200 faizə qədər gömrük rüsumu tətbiq etmək səlahiyyəti verir.
Sənəddə həmçinin aşağıdakı sərt tədbirlər yer alır:
-Rusiya maliyyə institutlarına və siyasi elitasına kütləvi məhdudiyyətlər;
-İri rusiyalı biznesmenlərin aktivlərinin dondurulması;
-Rusiya neftini daşıyan "kölgə donanması"na qarşı qlobal qadağalar.
Məlumata görə, sənəd hələ son variantda qəbul edilməyib. Qanunun qüvvəyə minməsi üçün o, Nümayəndələr Palatası və Senatın birgə təsdiqindən keçməlidir.
Vaşinqtonun bu addımı Rusiya hərbi-sənaye kompleksinin təchizat zəncirini qırmağa yönəlib. Xüsusilə Rusiya neftini alan üçüncü ölkələrə 200%-lik rüsum təhdidi Moskva üçün həyati əhəmiyyət kəsb edən enerji gəlirlərini tamamilə kəsmək məqsədi daşıyır. Qanun layihəsi son təsdiqini taparsa, qlobal enerji bazarında və Rusiya ilə ticarət edən ölkələrin münasibətlərində ciddi gərginlik yarana bilər.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər