Müasir beynəlxalq münasibətlər sistemində regional təhlükəsizlik arxitekturasının yenidən formalaşması bəzən illər, hətta onilliklər tələb edir. İkinci Dünya Müharibəsindən sonra Avropada dayanıqlı sülhün təməlini qoyan Almaniya-Fransa Yelisey müqaviləsinin imzalanması üçün 18 il gözləmək lazım gəlmişdisə, Cənubi Qafqazda bu tarixi transformasiya fərqli və kəskin dinamika ilə cərəyan etdi. Azərbaycan Prezidenti İlham Əliyevin nümayış etdirdiyi praqmatik, ardıcıl və tamamilə milli maraqlara söykənən siyasət münaqişə sonrası reallıqları cəmi iki il ərzində tam hüquqi və siyasi müstəviyə keçirməyə imkan verdi.
Prezident İlham Əliyevin Birləşmiş Ştatlara tarixi səfəri, Ağ Evdə əldə olunmuş strateji razılaşmalar və Ermənistanla sülh müqaviləsinin paraflanması yalnız iki ölkə arasındakı onilliklər davam edən münaqişəyə yekun vurmadı, eyni zamanda ABŞ-Azərbaycan strateji xəttində köklü bir dönüşün təməlini qoydu.

Son illərin geosiyasi mənzərəsinə nəzər saldıqda, Vaşinqtonun Cənubi Qafqaz siyasətində iki kəskin fərqli mərhələni aydın görmək mümkündür. Bayden Administrasiyası dövründə ABŞ-ın Azərbaycana karşı nümayiş etdirdiyi tendensioz və birtərəfli mövqe uzun illər ərzində formalaşmış ikitərəfli etimad mühitinə ciddi zərbə vurmuşdu. Əslində bu xətt yeni deyildi - Co Bayden hələ senator olduğu dönəmlərdən Azərbaycana qarşı ədalətsiz sanksiya təşəbbüslərinin müəlliflərindən biri kimi tanınırdı. Onun prezidentliyi dövründə isə Vaşinqtonun regiona baxışı parçalanma, münaqışələr və qarşıdurma çərçivəsindən uzağa getmədi. Regionun aparıcı dövləti olan Azərbaycanın hərbi-siyasi və iqtisadi potensialını düzgün qiymətləndirməyən keçmiş administrasiya, uzun dövr ərzində Cənubi Qafqazda ədalətli sülhün bərqərar olunmasına mane olan əsas amillərdən birinə çevrilmişdi.
Prezident Donald Trampın hakimiyyətə gəlişi ilə ABŞ xarici siyasətində daha rasional, daxili ideoloji konyunkturadan uzaq və real geosiyasi reallıqlara əsaslanan yeni bir dövr başladı. Vaşinqtonun Bakı ilə münasibətləri yenidən qiymətləndirməsi və regional sülhün bərqərar olunmasını əsas prioritet seçməsi, iki ölkə arasında strateji dialoqun sürətlə bərpa edilməsinə şərait yaratdı.

Bu transformasiyanın təməli əslində hələ Trampın prezident seçilməzdən əvvəl dövlət başçıları arasındakı intensiv məktublaşmalar və qarşılıqlı hörmətə dayanan təmaslarla qoyulmuşdu.
Yüksək səviyyəli səfər çərçivəsində əldə olunmuş nəticələr isə bu prosesin məntiqi zirvəsi oldu. Belə ki:
-Bədnam "907-ci düzəliş" donduruldu: İkitərəfli münasibətlərdə illərdir süni maneə olan bu qərarın dondurulması Vaşinqtonun Bakıya olan strateji etimadının göstəricisidir;
-Strateji Tərəfdaşlıq Xartiyası imzalandı: Azərbaycan Respublikası Hökuməti ilə ABŞ Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması barədə razılıq əldə olundu. Vitse-prezident Cey Di Vensin Azərbaycana səfəri və xartiyanın imzalanması bu tərəfdaşlığın institusional əsaslarını möhkəmləndirdi.
-TRİPP Layihəsi əsasında Zəngəzur dəhlizinin açılması istiqamətində razılıq əldə edildi: Trans-Regional İnteqrasiya və Sülh Layihəsi (TRİPP) haqqında razılaşma Zəngəzur dəhlizinin beynəlxalq nəqliyyat-logistika xəritəsinə inteqrasiya olunmasını təmin etdi və layihəyə faktiki həyat vəsiqəsi qazandırdı.
Müharibədə və diplomatiyada qazanılan zəfər
Bu gün beynəlxalq tribunalar qarşısında özünü "sülh tərəfdarı" kimi təqdim etməyə çalışan Ermənistanın yaxın keçmişdəki addımları tamam fərqli mənzərəni ortaya qoyur. 2020-ci ilə qədər "yeni ərazilər üçün yeni müharibə" tezisi ilə işğal zonalarını genişləndirmək planları quran, 44 günlük müharibə zamanı Azərbaycanın mülki şəhərlərini raket atəşinə tutan və post-münaqişə dövründə revanşist xəyalpərəstlikdən əl çəkməyən İrəvan rəhbərliyi yalnız 2023-cü ilin lokal antiterror tədbirlərindən sonra mövcud reallıqları tam qəbul etmək məcburiyyətində qaldı.

Sülh müqaviləsinin baza prinsipi hesab edilən 5 məlum şərtin müəllifi məhz Azərbaycandır. Bakı Ermənistanı təkcə hərbi meydanda deyil, diplomatik masada da sülhə məcbur etdi. Bu baxımdan, Vaşinqtonda sülh sənədinin paraflanması Prezident İlham Əliyevin həm müharibədə, həm də diplomatik müstəvidə qazandığı qətiyyətli qələbənin təzahürüdür.
Ermənistanın öz konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarmaq üçün islahatlara razılıq verməsi və Cənubi Qafqazda yeni geoiqtisadi reallıqları qəbul etməsi regionda dayanıqlı təhlükəsizlik mühitinin formalaşdığından xəbər verir. ABŞ-ın vasitəçiliyi ilə əldə olunan bu tarixi nəticə bir daha göstərdi ki, Prezident İlham Əliyevin bütün təzyiqlərə baxmayaraq nümayış etdirdiyi prinsipal mövqe və milli maraqlara dayanan ardıcıl siyasət Cənubi Qafqazda yeni sülh erasının əsas hərəkətverici qüvvəsidir.
E.Rüstəmli
“AzPolitika.info”

Şərhlər