Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) hazırda müxtəlif işəgötürənlər tərəfindən təqdim olunan 65 mindən çox aktiv vakansiya mövcuddur.
"AzPolitika" xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.
Qeyd olunur ki, vakansiyalar üzrə ən yüksək əməkhaqqı 10 000 manat, ən aşağı əməkhaqqı isə 400 manat təşkil edir.
"İşsiz və ya işaxtaran şəxslər vakansiyalara müraciət üçün Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarına və ya DOST mərkəzlərinə yaxınlaşa bilərlər. Burada karyera məsləhətçiləri tərəfindən şəxsin məşğulluq imkanları qiymətləndirilir. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq münasib vakansiyalar təqdim olunur və şəxsin ona uyğun vakansiyaya müraciəti qeydə alınır", - məlumatda qeyd olunub.
2026-cı il iyulun 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 248,5 min nəfər təşkil edib. Qeydiyyatda olan işsizlərin 52,3%-ni qadınlar təşkil edib.
2026-cı il iyulun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 417,7 min nəfər təşkil edib. Onların 5 milyon 137,1 min nəfəri məşğul əhali olub. Bu göstəricilər əsasında hesablandıqda, ölkədə işsizlərin sayı 280,6 min nəfər, işsizlik səviyyəsi isə təxminən 5,2% təşkil edib.
Bu rəqəmlər fonunda 60 mindən çox vakansiyanın mövcudluğu ilə işsizliyin davam etməsi arasında uyğunsuzluq açıq şəkildə hiss olunur.
Bu rəsmi açıqlama fonunda ortaya haqlı bir sual çıxır: Əgər ölkədə 60 mindən çox boş iş yeri varsa, niyə işsizlik problemi hələ də aktualdır?

İqtisadçı Xalid Kərimli "AzPolitika"ya bildirib ki, 65 min vakant iş yerinin mövcudluğu həmin vakansiyaların hamısında yüksək maaş təklif edildiyi anlamına gəlmir.
Onun sözlərinə görə, vakansiyalar arasında 10 min manat maaş təklif olunan iş yerlərindən birinin olması bütün vakant yerlərin bu səviyyədə maaşla təklif edildiyini göstərmir: "Vakant iş yerlərində əməkhaqqının böyük hissəsi minimum və orta aylıq əməkhaqqı arasında formalaşıb. Əmək bazarında əsas məsələlərdən biri də vakansiyalarla işaxtaranların uyğunluğudur. Burada iş yerinin yerləşdiyi ərazi, işin xüsusiyyəti, məsafə, ixtisas uyğunluğu, eləcə də işin çətinliyi və mürəkkəbliyi kimi bir sıra amillər nəzərə alınmalıdır".
İqtisadçı bildirib ki, işsizliklə vakant iş yerlərinin eyni vaxtda mövcud olması məhz bu uyğunsuzluqlarla bağlıdır: "Ərazi, zaman və ixtisas baxımından işaxtaranla mövcud iş yerinin uyğun gəlməməsi əmək bazarında həm işsizliyin, həm də vakant yerlərin qalmasına səbəb olur. Bu baxımdan təqdim olunan vakansiyalar üzrə təklif edilən əməkhaqqıların səviyyəsinə dair daha ətraflı statistikanın açıqlanması faydalı olardı. Bunun üçün Məşğulluq Fondundan müvafiq məlumatlar tələb oluna bilər".
İqtisadçı vurğulayıb ki, əmək bazarında müəyyən qanunvericilik dəyişiklikləri və iş rejiminin çevikləşdirilməsi işçi qüvvəsi ilə mövcud vakansiyalar arasında daha yaxşı uyğunlaşma yarada bilər: "Bəlkə bundan sonra bir qədər əmək bazarında sinxronlaşma yarana bilsin, amma yenə də həmişə işsiz də olacaq, iş yeri də olacaq, vakant yer də olacaq".
E. Bəyməmmədli
"AzPolitika.info"

Şərhlər