Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskvaya səfərindən sonra Belarus Silahlı Qüvvələrinin döyüş hazırlığının təcili yoxlanılmasını əmr edib.
“AzPolitika” xəbər verir ki, ölkə mediası bu barədə Belarus Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviçə istinadla məlumat yayıb.
O, yoxlamanın bir hissəsi olaraq briqadalardan birinin daimi dislokasiya yerini tərk edəcəyini və bir sıra tapşırıqları yerinə yetirəcəyini açıqlayıb. Volfoviç deyib: "Hələlik bu barədə danışmayacağıq. Hər şey Silahlı Qüvvələrin, Baş Qərargahın və hərbi hissələrin rəhbərliyinin verdiyi qərarlardan asılıdır".
O, həmçinin qeyd edib ki, "Ukrayna və İrandakı hərbi münaqişələrin təcrübəsi nəzərə alınmaqla" potensial düşmənə zərbə endirilməsi üsullarına xüsusi diqqət yetiriləcək. Onun sözlərinə görə, tədbirin məqsədi birləşmələrin və hərbi hissələrin müasir şəraitdə döyüş əməliyyatlarına hazırlığını yoxlamaqdır.
Bundan öncə Belarus Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələrinin komandanı Aleksandr İlyukeviç Minskin Ukrayna ilə sərhəd yaxınlığında yeni hava hücum briqadası yaratmağa başladığını açıqlamışdı. Bölmənin Qomel yaxınlığında yerləşdirilməsi nəzərdə tutulur.
Daha əvvəl “The Wall Street Journal” (WSJ) məlumatlı mənbələrə istinadla Vladimir Putinin Lukaşenkonun Ukraynada yeni bir cəbhə açmasını tələb etməyə başladığını bildirmişdi. Bundan əlavə, nəşrin məlumatına görə, Moskva Belarusu qonşu NATO üzv ölkələrinə qarşı əməliyyatlar, o cümlədən dronların buraxılması üçün istifadə etmək istəyir. Bu fonda Fransa prezidenti Emmanuel Makron Lukaşenkoya zəng edərək ona müharibəyə cəlb olunmamaq barədə xəbərdarlıq edib.
Xatırladaq ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Retkliff 25 avqustda Moskvaya gözlənilmədən səfər edib. Kreml onun Putinlə görüşmədiyini və ABŞ nümayəndəsinin məqsədinin "kəşfiyyat orqanları arasında əlaqə qurmaq” olduğunu bildirib.
“AzPolitika.info”

Şərhlər