Rəsul Mirhəşimli
Bəzən bir müharibənin bütün dəhşətini anlatmaq üçün yüzlərlə səhifəlik hesabatlara, minlərlə statistik rəqəmə ehtiyac qalmır. Bir uşağın məzar daşına sarılması yetərlidir. Bu yaxınlarda bir mənzərə gördüm... Kiyevdə çəkilmiş bir görüntü səssiz, amma çox ağır bir hekayəni danışırdı. Gənc ana təxminən üç yaşlı qızını müharibədə həlak olmuş atasının məzarı üstünə gətirir. Balaca qız atasının şəklini görür və sonra məzar daşına sarılır. Onun üzündə qəribə bir sevinc var. Elə bil atasını tapıb. Elə bil qarşısındakı soyuq daş həyatla ölüm arasındakı sərhədi onun üçün hələ müəyyənləşdirməyib.
Uşaq ölümün nə olduğunu bilmir. O, atasının artıq qayıtmayacağını da anlamır. Onun üçün ata hələ də atasının şəklindəki adamdır. O uşaq bəlkə də düşünür ki, bir gün yenə qapı açılacaq, atası içəri girəcək, o da sevinclə atasının qucağına atılacaq. Uşaqlıq budur, ölümün nə olduğunu anlamadan, ölümün qarşısında belə ümid etməyi bacarır. Amma o məsum sevincin içində müharibənin ən böyük faciəsi gizlənir.
Bu uşaq böyüyəcək. Məktəbə gedəcək, yeni dostları olacaq, həyatında saysız-hesabsız hadisələr baş verəcək. Dünyası dəyişəcək. Ancaq atası ilə həyatda görüşdüyü son anı yaddaşının ən dərin yerində olduğu kimi qalacaq. Onun üçün ata bəlkə də həmişə həmin fotodakı adam, həmin məzar daşı və həmin günün duyğusu olacaq. Müharibə insanın yalnız həyatını əlindən almır, ölənin gələcəyini, sağ qalanın isə keçmişini dəyişdirir.
Bir insan döyüşdə həlak olanda onunla birlikdə yalnız bir ömür bitmir. Bir uşağın atasına verə biləcəyi suallar cavabsız qalır. Bir ananın həyat yoldaşı ilə bağlı qurduğu gələcək dağılır. Bir evdə daha bir stul boş qalır. Bir telefon nömrəsi heç vaxt cihazın yaddaşından silinmir. Bir qapının açılacağı ümidi heç zaman bitmir.
İnsan müharibənin statistikasına baxanda rəqəmləri görür. O rəqəmlərdə ölənlərin, yaralananların, qaçqınların, dağıdılmış şəhərlərin, viran qalmış evlərin sayı yazılır. Amma rəqəmlərin bacarmadığı bir şey var. Heç bir rəqəm bir uşağın atasız böyüməsinin sükutunu ifadə edə bilmir. Bir milyon insanın faciəsini bir milyon rəqəmi ilə yazmaq mümkündür, amma bir uşağın atasına ehtiyac duyduğu axşamı heç bir statistika izah edə bilməz.
Müharibənin ən qəddar tərəfi də budur. O, uşaqlara onların anlamadığı bir dünyanın yükünü daşıdır. Uşaqlar uşaqlıq yaşamalıdır. Onlar oyuncaqlarını itirməyin, məktəbə gecikməyin, dostları ilə küsüb-barışmağın dərdini bilməlidirlər. Onların yaddaşında siren səsləri, partlayışlar, dağıntılar, qaçqınlıq və yas mərasimləri olmamalıdır. Uşaq atasının şəklini məzar daşında axtarmamalıdır.
Amma dünyanın müxtəlif yerlərində uşaqların uşaqlığı illərdir belə oğurlanır. Bir tərəfdə siyasətçilər xəritələrin qarşısında dayanıb sərhədlərdən, təhlükəsizlikdən, geosiyasi maraqlardan, təsir dairələrindən danışırlar. Başqa bir yerdə silah müqavilələri imzalanır, hərbi büdcələr artırılır, yeni silah sistemləri hazırlanır. Böyük güclərin siyasi hesablamalarında isə çox vaxt adi insanın həyatı bir rəqəmə çevrilir.
Müharibə haqqında danışarkən çox vaxt onun arxasındakı böyük siyasi təhlilləri dinləyirik. Milli maraqlar, təhlükəsizlik, strategiya, geosiyasət, ərazi bütövlüyü, nüfuz dairəsindən danışır analitiklər. Bu sözlərin hər birinin siyasi və tarixi izahı ola bilər. Müharibələrin səbəbləri də müxtəlifdir. Amma bütün bu izahların sonunda yenə insan dayanır, bütün analitik şərhlərə baxmayaraq, solan günahsız və çarəsiz insan həyatları olur.
Müharibənin siyasi izahları ola bilər, lakin bütün bunların heç biri uşağın gözündə atasının yoxluğunu izah etmir. Körpə üçün geosiyasət yoxdur. Körpə üçün ata var. Ata evə gəlməlidir. Ata onu qucağına götürməlidir. Ata ad günündə yanında dayanmalıdır. Ata məktəbə ilk getdiyi gün onu yola salmalıdır. Ata onun böyüdüyünü görməlidir. Müharibə isə bütün bu sadə arzuları dağıdır.
Biz bəzən yalnız şəhərlərin dağıldığına diqqət edirik, ərazilərin əldən-ələ keçdiyini görürük. Halbuki şəhərlərlə birlikdə insanların gələcəyi də dağıdılır. Bir ev dağılanda yalnız divarlar uçmur. O evdə saxlanılan uşaqlıq xatirələri, ailənin gələcəyi, süfrə ətrafındakı söhbətlər, sabaha olan ümidlər də dağıntının altında qalır.
Bir insanın ölümü ailənin içində uzun illər davam edən bir hadisəyə çevrilir. Çünki ölümün bir anı var, yoxluğun isə hər günü.
O balaca qızın məzar daşına sarılması yalnız bir uşağın atasına sevgisi deyil. Bu, müharibənin insan həyatında yaratdığı uçurumun görünən tərəfidir. O, məzar daşını qucaqlayır. Bəlkə də onun üçün daş deyil, atasının özüdür. Bəlkə də şəkildən ona baxan adamın bir gün yenə qarşısına çıxacağına inanır. Bəlkə də həmin an anasının bildiyi həqiqəti hələ bilmir. Elə körpənin gerçəklikdən xəbərsizliyi insanın ürəyini dağlayır.
Həmin görüntü yalnız Ukraynanın müharibəsi haqqında deyil. O görüntü dünyanın bütün müharibələri haqqında danışır. Çünki müharibələrin coğrafiyası dəyişir, insanların ağrısı dəyişmir. Müharibə başlayanda qərarları böyüklər verir, amma onun ağrı-acılarının uşaqlar ömürlərinin sonuna qədər daşıyırlar.
Onlar atalarını itirirlər. Analarını itirirlər. Evlərini itirirlər. Doğulduqları şəhərləri itirirlər. Bəzən öz dillərində, öz küçələrində, öz xatirələrində belə əvvəlki dünyanı tapa bilmirlər.
Ən təhlükəli məqam insanın müharibəyə öyrəşməsidir. Televiziya ekranında dağıntılar görəndə artıq təəccüblənməmək, ölənlərin sayını eşidəndə yalnız rəqəmi yadda saxlamaq, bir uşağın atasız qalmasını növbəti xəbər kimi qəbul etmək insanlığın başqa cür məğlubiyyətidir.
Müharibə yalnız şəhərləri dağıtmır. İnsanların ağrıya münasibətini də dəyişə bilir. Halbuki heç bir siyasi məqsəd bir uşağın göz yaşından dəyərli deyil.
Bəlkə də müharibənin bütün mənasını məhz o uşağın gülüşü ilə məzarın sükutu arasında axtarmaq lazımdır. Çünki o gülüşdə uşaqlıq var, o məzarın üzərində isə müharibə. İnsanlıq bu iki görüntünün bir araya gəlməsinə imkan verməməli idi. Amma verdi. Dəfələrlə verdi.
Heç bir müharibə bir körpənin gülüşünə dəyməz. Heç bir siyasi məqsəd insan həyatından daha qiymətli deyil. Əgər bir müharibənin sonunda uşaqlar atalarının məzarlarına sarılaraq onları tapmağa çalışırlarsa, onda həmin müharibənin qalibi kim olursa-olsun, insanlıq orada çox ağır bir məğlubiyyət yaşayıb.


Şərhlər