Menu

Azərbaycanda ikinci işə tələbat niyə artır? – Əsas səbəb AÇIQLANDI

02.10.2026, 09:30
Azərbaycanda ikinci işə tələbat niyə artır? – Əsas səbəb AÇIQLANDI

Gündəlik xərclərin artması bəzi vətəndaşları əsas işindən əlavə gəlir mənbələri axtarmağa vadar edir. Əlavə iş, onlayn fəaliyyət, sərbəst xidmətlər və kiçik sahibkarlıq bu məqsədlə seçilən istiqamətlər sırasında yer alır. Bir şəxsin eyni vaxtda bir neçə işdə çalışması isə həm ailə büdcəsi, həm də əmək münasibətləri baxımından müxtəlif məsələlər yaradır.

Azərbaycanda insanların ikinci işə ehtiyac duymasının əsas səbəbləri nələrdir? Vətəndaşların əlavə gəlir axtarmasına daha çox hansı iqtisadi amillər təsir edir?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında İqtisadi Təhlil İnstitutunun rəhbəri, iqtisadçı-ekspert Məmməd Talıblı bildirib ki, gündəlik xərclərin artması təkcə insan tələbatının artması ilə bağlı deyil. Daha çox inflyasiya həddinin yüksəlməsi ilə bağlıdır.

Onun sözlərinə görə, əhali gəlirləri aşağı sürətlə, qiymət səviyyəsi daha yüksək sürətlə artdığından vətəndaşların zənginləşmək şanslarından daha çox, yoxsullaşma ehtimalları böyüyür: “Nominal gəlirlərin yox, real inflyasiya əsasında real gəlirlərlə müqayisə aparanda vəziyyətin əhali xeyrinə dəyişmədiyini görürük. Buna görə, yüksək inflyasiya fonunda əhali gəlirləri istehlak tələbini qarşılamağa çətinlik çəkir. Bu zaman vətəndaşların bir yerdə deyil, bir neçə iş yerində çalışmağa məcbur olması reallığı ortaya çıxmış olur”.

İqtisadçı əlavə edib ki, bu isə əmək bazarında gərginliyin növbəti bir təzyiqi olur: “Digər tərəfdən isə bu hal insanların iş keyfiyyətinin aşağı olması və faydalı iş əmsalının yüksək olmaması ehtimalını ortaya çıxarır. 

Konkret desək, insanların ikinci iş yeri axtarmasının əsas səbəbi artan inflyasiya fonunda real gəlirlərinin yüksəlməməsi və iqtisadiyyatda bahalaşma tendensiyasıdır”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol