İş xanımı və bir çox layihənin müəllifi Ruhi Əliyeva media nümayəndələri ilə görüşüb. Axşam.az-ın məlumatına görə, R.Əliyeva “Dəb Siz” adlı yeni verilişi ilə bağlı açıqlamalar verib.

O, layihəsi haqda bunları deyib:“Layihəmiz oktyabrdan etibarən Azad Azərbaycan telekanalında yayımlanacaq. Burada xanımların geyim tərzinə, stilinə müdaxilə olunacaq. Onlara düzgün geyinməyi öyrədəcək, öz tərzlərini tapmağa kömək edəcəyik. Burada gözəl geyimli xanımlar qəbul olunmayacaq. Hər bir xanıma baxacağıq, geyimində qüsur varsa, yarışmamıza seçəcəyik. Bütün iştirakçılarımıza isə sponsorlarımız tərəfindən hədiyyələr veriləcək. Həmişə layihələrimiz Türkiyədəki proqramlara bənzədilir. Amma bu dəfə biz Rusiyanın məşhur bir verilişindən nəsə götürməyə çalışdıq"

Layihənin finalından və münsiflərindən danışan R.Əliyeva “Münsif qismində özüm, modelyer Afa xanım (Afaq İsmayılzadə - red.) və xalq artisti Faiq Ağayev çıxış edəcək. Aparıcımız olmayacaq. Özüm həm aparıcı, həm layihə rəhbəri, həm də münsifəm. Final Yeni il ərəfəsində keçiriləcək. Qalibə özəl hədiyyə verilməyəcək. Yalnız sponsorlarımızın xüsusi hədiyyəsi olacaq. Final gecəsində heç bir türkiyəli məşhur iştirak etməyəcək. Bir az da özümüzünkülərə dəyər verək. Bəlkə Rusiyadan tanınmış birini gətirdik. Amma onu da hələ düşünürük”, - deyə bildirib.

Yarışmada yaş həddi də qoyulub. Belə ki, layihə rəhbəri 18-20-22 yaşda olan gənc xanımların qəbul edilməyəcəyini söyləyib: “Daha çox orta yaşlı xanımlara üstünlük veriləcək. 20 yaşında zövqsüz biri olarsa, ona da kömək edəcəyik”.