"Cox istərdik, istedadlarımızı özümüz kəsf edib, layiqincə dəyərləndirək" - Aeroqraf Elməddin Bayramov

Dünyada elə bir incəsənət növü və sənətlə bağlı istiqamət yoxdur ki, Azərbaycan dahilərinin adı orda görünməsin, ilk sıralarda adımız yazılmasın. Hansı birinin adını cəksək, peşəkarlıq, mükəmməllik önə cıxacaq, fərqlilik özünü göstərcək. Keçmişdə olduğu kimi bu gün də ön sıralardayıq. Təsadüfi deyil ki, yeni yaranmış musiqi, ədəbiyyat, təsviri sənət, heykəltaraşlıq nümunələrimiz dünyada öz sözünü deməyi bacarır...

Aeroqrafiya – spreyli boyamada istifadə olunan trafaretin üç ölçülü cisimlə əvəz olunduğu sürrealist metod. Metoddan Viktoriya dövründə kaşıləri dekorasiya etmək üçün və Man Rayın əsərlərində istifadə olunurdu. Haqqında danışmaq istədiyimiz insan dünyada yeni nəsl rəsm növünə ölkəmizdə nəfəs, qol-qanad verən rəssam Elməddin Bayramovdur.

Aeroqraf Elməddin Bayramov 16 aprel 1985-ci ildə Kəlbəcərdə doğulub. Uşaqlıqdan rəsmə marağı olan rəssam artıq 10 ilə yaxındır ki, aeroqrafiya ilə məşğuldur.

Elməddin Bayramov deyir ki, əvvəlki nəslin işləri dağıntılar altındadır, bu da onun göstəricisidir ki, belə sənətkarlar Azərbaycanda əvvəllər də olub: "Yeni inkişaf etdiyi üçün bəzən aeroqrafiyanı qraffiti və rəssamlıqla səhv salırlar. Aeroqrafiya tamamilə başqa bir sahədir. Burda işlər əsasən mexanizm və hava ilə icra olunur. Kətan və yağlı boya ilə işləmək daha asandır, çünki kətan yağlı boyanı yemir. Bir-iki gün ərzində əsərdə rəng tonları üzərində müəyyən dəyişikliklər etmək şansın olur. Aeroqrafiyada isə daha fərqlidir. Boya divara vurulan anda quruyur və onun üzərində hər hansı çalar dəyişikliyi etmək alınmır. Rəsmlərdə ən kiçik hissələr, parçalar son dərəcə dəqiqliklə aerozolla çəkilir".

Rəssamın sözlərinə görə bu sahədə işləməyin çətinlikləri də var: "Bu metod daha yeni olduğu üçün daha professional alətləri xaricdən sifariş etmək məcburiyyətindəyik, çünki Azərbaycanda bu alətləri tapmaq olmur".

30 illik yurd həsrətilə yaşayan gənc rəssam işgaldan azad edilmiş ərazilərdə - Qarabağda, Şuşada, doğma Kəlbəcərdə Vətən sevgisini, torpaq həsrətini al-əlvan boyalarla əbədiləşdirmək arzusundadır. "Yetər ki, bu şans bizə verilsin, arzularımızı gerçəkləşdirmək üçün sərait yaradılsın", - o vurğulayır.

Gənc rəssam bu sənət növünün ölkəmizdə də tanınmasını, daha geniş şəkildə inkişaf etdirilməsini arzulayır. Onun sözlərinə görə, əgər belə olarsa, respublikamızda da bu sahə ilə bağlı avadanlıqlar istehsal etmək olar. Rəssam əlavə edir ki, Azərbaycanda da sırf aeroqrafiyanın inkişafı ilə məşgul olan sahələrin yaranması lazımdır: "Ən azından, bu sahənin ali məktəblərdə tədrisinə şərait yaradılsa, yaxşı olar. Bu işlə məşğul olan insanların fəaliyyəti təbliğ edilsin, onlara hərtərəfli dəstək göstərilsin. Çünki belə istedadlar yüz ildə bir dünyaya bəlkə də bir dəfə gəlir. Cox istərdik, istedadlarımızı əvvəlcə özümüz kəsf edib, layiqincə dəyərləndirək. Dəyərləndirək ki, xalqın sənətdən, sənətkardan xəbəri olsun, zövqümüz korlanmasın, ruhumuz ölməsin..."

Elməddin Bayramov 44 günlük şanlı Zəfər yolunu keçmiş qəhrəmanlarımızın rəsmlərini çəkməkdən mənəvi rahatlıq tapdığını deyir: “Onların hər biri bir igidlik, qəhrəmanlıq dastanıdır”.

Qeyd edək ki, gənc rəssamın işləri ölkəmizlə yanaşı qardaş Türkiyədə də yayılır. Onun əsərləri bu ölkənin müxtəlif ali təhsil ocaqlarında, kitabxanalarda göz oxsayır.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar