PƏHLƏVİ VƏ XOMEYNİ REJİMİNİN PANFARSÇILIQ İDEOLOGİYASI... - Türklərin assimilyasiyası ( ŞƏRH)

İranda yüz ilə yaxındır hakim olan panfarsçılıq ideologiyasının başlıca hədəfi Güney Azərbaycan türklərini assimilyasiya etməkdir. Çünki ölkənin idarə edilməsində əsas pay sahibi onlardır. Bu etnosu hakimiyyətə yaxın buraxmamaq və ya onun assimilyasiyaya uğramış nümayəndələrinin iqtidarda təmsil olunması əsas hədəflərdəndir. 

Yeri gəlmişkən, müasir İranın tarixində islahatçı hökumət başçısı Məhəmməd Müsəddiq Qacar sülaləsinin hakimiyyətdə olmuş sonuncu nümayəndəsi idi. Beynəlxalq güclər tərəfindən devrilmiş Qacar sülaləsinin yerinə gətirilən Rza şah Pəhləvinin oğlu Məhəmmədrza şahı qəbul etmir və ona qarşı mübarizə aparırdı.

Deməli, İranda xarici qüvvələrin birbaşa yardımı nəticəsində türklərin taxt-tacına yiyələnən Rza şah panfarsçılıq ideologiyasını həyata keçirməyə başladı. Onun hakimiyyəti dövründən türklər “farslarla səlcuqluların tör-töküntüsü”, “törəməsi” adlanmağa başladı. Habelə türk dili “fars dilinin bir qolu” sayıldı.

Təəssüf ki, bu siyasətin əsas ideoloqlarından biri əsli Azərbaycan türkü, özü farsa satılmış olan Əhməd Kəsrəvi idi. O, 1890-cı il sentyabrın 29-da Təbriz şəhərinin Hökmava məhəlləsində anadan olub. Əhməd Kəsrəvi yadda daha çox panfarsizçılığın nökəri olaraq qalıb


O, fars rejiminə yarınmaq üçün vəya rejimin təhriki ilə Azərbaycan türklərinin “ari irq"ə (farslar, almanlar, faşistlər özlərini bu irqin nümayəndəsi sayırdılar) mənsub olduqlarını sübut etməyə çalışıb. “Şəhriyarane-gomnan” (“Naməlum hökmdarlar”), "Azəri, ya zəbane-bastane-Azərbaycan" (“Azəri, yoxsa Azərbaycanın qədim dili”) və başqa əsərlər yazaraq türklərin dil və mənşəyini təhrif edib. 

Ə.Kəsrəvi əsərlərində panfarsçılıq mövqeyindən çıxış edərək İrandakı türklərin farslaşdırılması kimi mürtəce ideya irəli sürüb. Hətta daha da irəli gedərək millətimizin adını saxtlaşdırmağa çalışıb,  azərbaycanlıların türk yox, “azəri” adlı ayrı bir millət olduğunu iddia edən heç bir əsası olmayan fikirlə çıxış edib. Farsı nökəri kimi Azərbaycan türkcəsinin İran mənşəli bir dil olduğunu iddia edib. "Azərilərin " isə guya səlcuqluların İrana gəlməsi ilə türkləşməyə başladığına dair cəfəng fikirlərlə çıxış edib.. Həmin dövrdə hakimiyyət göy (türklərin rəmzi), qırmızı (kommunistlər), sarı (çinlilərin) və yaşıl (ərəblərin) rəngə qarşı mübarizəyə başladı.

Rza şah “tək millət, tək dövlət”, "yəni hamı farsdır" prinsipi ilə assimilyasiya apardı. Azərbaycan türkcəsində danışmaq, oxumaq, yazmaq qadağan edildi. Ana dilində danışan türklər cəzalandırıldı. Azərbaycan türkcəsində olan çoxlu sayda kitablar yandırıldı. Proses onun oğlu Məhəmmdrza şahın hakimiyyəti illərində də davam etdi. 

1945-46-cı illərdə qurulan Azərbaycan Milli Hökuməti ABŞ, SSRİ, Böyük Britaniya, Fransa və başqa xarici qüvvələrin hərbi-siyasi yardımı ilə qan içində boğuldu.


1946-cı il dekabrın 11-də hökumət devrildi, dekabrın 17-də (26 Azər) isə türkcə kitablar kütləvi şəkildə yandırıldı. Lap faşistlərin və bolşeviklərin kitabları yandırması kimi. Bu, Azərbaycan türkünə qarşı repressiya və assimilyasiyanın daha sərt və qəddar şəkildə davam etdiyi illər idi.

Əslində, hakimiyyət türklərin assimilyasiyasını həyata keçirməyi qarşısına məqsəd kimi qoymuşdu. Qeyd edək ki, assimilyasiya (lat. "oxşatma", "uyğunlaşdırma") bir etnosun öz dilini, mədəniyyətini və s. özəliklərini itirməklə başqa etnosa qarışması, qarışdırılmasıdır. Təbii və zorakı assimilyasiya mövcuddur. Təbii assimilyasiya heç bir məcburiyyət edilmədən milli azlıqların uzun müddət aralarında yaşadıqları daha böyük millətlə tədricən qovuşması yolu ilə gedir.

Pəhləvilərin dövründə Azərbaycan türklərinin zorakı, məcburi assimilyasiyası (farslaşdırılması) geniş şəkildə həyata keçirilirdi. “İran mərkəzli fars düşüncə sistemi” bu siyasətin əsasında dururdu. Farslaşdırma təkcə dil və mədəniyyət sahəsində həyata keçirilmirdi. Azərbaycanın yer və coğrafi adlarının da dəyişdirilməsi bu mürtəce hadisənin tərkib hissəsidir. Məsələn, Savalan dağının adını “Səbəlan”, Qoşaçay şəhərini “Miyandab”, Araz çayını “Ərəs”, Cığatı və Tatai çaylarını “Şiminərud” və “Zərrinrud”, Təbrizdə Axmaqaya məhəlləsini “Əhməqiyə”, Məlikkənd şəhərini “Məlikan”, Tikantəpə şəhərini “Tikap”, Sayınqala şəhərini “Şahindiş”, Sarıdaş şəhərini “Sərdəşt”, Qaraçəməni “Siyahçimən”, Qaragölü “Siyahistəx”, “Qaratəpəni “Siyahkuh” və s minlərlə yer və coğrafi adlar dəyişdirilib.

Bu arada, assimilyasiyanın tərkib hissələrindən biri də ərazilərin parçalanması, yeni bölgələrin yaradılmasıdır. Bununla da Tehran hakimiyyəti Güney Azərbaycanı kiçiltməyə çalışır. O, ötən yüz ilin əvvəllərində vahid əraziyə malik olub. Ərazilərin bölünməsi Qacarlar sülaləsinin hakimiyyətinin (1795-1925) son dönəminə təsadüf edib. Bunun əsası 1906-cı ildə ölkə ərazisinin əyalətlərə bölünməsi ilə qoyulub. Bu bölgüyə əsasən, ölkə 12 vilayətə və bu vilayətlərin mərkəzləşdiyi 4 əyalətə - Şimal, Cənub, Qərb və Mərkəzi bölünmüşdü.

Pəhləvi hakimiyyətinin süqutuna doğru Güney Azərbaycanın ərazisi, əsasən, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Həmədan əyalətləri (ostan) arasında bölünmüşdü. İndiki rejim bu ostanların ərazisindən əlavə olaraq üç ostan və daha kiçik inzibati vahidlər yaratdı. İndi Güney Azərbaycan ərazisi inzibati bölgü baxımından aşağıdakı kimidir: Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəngan (Zəncan, Həmədan, Qəzvin, Mərkəzi əyalətləri, Savə mahalı, Astara şəhəri və s.)

Nəhayət, panfarsçılar “Türklərsiz İran” şüarını əllərində bayraq etməklə Azərbaycan türklərinə qarı assimilyasiya siyasətini daha da sərtləşdirməyə başladılar. Son yüz ildə panfarsçılıq Güney Azərbaycan türkünün dilini, mədəniyyətini danıb ərazilərini parçalamaqla assimilyasiya edib. Bu siyasət dəyişməyib. Qərb nökəri sayılan pəhləvilər nə edirdisə, özünü İslamın dayağı sayan indiki teokratik rejim də Güney Azərbaycana qarşı eyni siyasəti aparır. Bu baxımdan İran hakimiyyətinin Qərbin nökəri saydığı Pəhləvidən heç bir fərqi yoxdur. Çünki şahın da, Xomeyni rejiminin də siyasi ideologiyasının əsasında panfarsçılıq durur. Onlar Azərbaycan türkünün assimilyasiyasında bir-birlərini tamamlayırlar... (report.az)


635x100

Şərhlər

Eli 2022-11-18 21:19:28

Xomeyni İranda hakimiyyete gelmemişden qabaq hansı ölkede “ İslam inqilabı herekatı” ile meşğul olurdu-Xristian ölksei Fransada.Qarabağ meselesinin başkanmasını dünyaya hansı ölkde çağırış edildi -Fransada.Son otuz ilde ermenileri Qarabağ meselesinde en çox müdafie eden ölkeler hansılardır?İran veFransa.Sual olunur.Müselman ölke İranı xristian Fransa ve Ermenistanla ne bağlayır?Cavab aydındır:Eyni meqsedlere qulluq.

Son yazılar