PUTİN NİYƏ YENİDƏN GERASİMOVUN ÜZƏRİNDƏ DAYANDI? – ““Ən səriştəli komandan” “ən səriştəsizi” ilə əvəzlənib...”

Üç ay bundan əvvəl general Sergey Surovikin Ukraynadakı Rusiya qoşunlarının baş komandanlığına gətiriləndə, Moskva cəbhədə geri çəkilməyə məcbur olmuşdu və ardınca ordunu daha bir geriləmə gözləyirdi.

Komandanlığa gətirilməsi Rusiya millətçiləri və müharibəyə dəstək verən siyasətçilər tərəfindən alqışlanan Surovikin dərhal Ukraynanın mülki infrastrukturunun bombardman edilməsinə başlamış, Ukraynanın şəhər və kəndlərini qaranlığa qərq etmişdi.

Lakin o, həm də Rusiya qoşunlarını Moskvanın müharibənin əvvəlindən bəri ələ keçirdiyi yeganə vilayət mərkəzi – Xersondan çıxarmağa məcbur olmuşdu. Bu taktiki geriçəkilmə Ukraynaya uğur qazandırsa da, Rusiyaya da müdəfiə xətlərini möhkəmləndirmək macalı vermişdi.

Son həftələrdə Rusiya qüvvələri və muzdlulardan ibarət “Vaqner” şirkətinin döyüşçüləri Ukraynanın şərqindəki Donbasda Soledar və Baxmut şəhərlərini ələ keçirmək məqsədilə güclü hücuma keçib. I Dünya Müharibəsini xatırladan bu hücumlar nəticəsində yüzlərlə Rusiya əsgərinin cəsədləri Ukrayna çöllərinə səpələnib.

Lakin Surovikin yanvarın 11-də baş komandanlıqdan kənarlaşdırılıb. Müharibənin 11-ci ayında heç bir əhəmiyyətli uğur qazana bilməyən Vladimir Putin Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, müdafiə naziri Sergey Şoyqunun müttəfiqi, general Valeri Gerasimovu Ukraynadakı qoşunların baş komandanı, Surovikini isə onun müavini təyin edib.

Putinin müharibə komandanlığında etdiyi dördüncü dəyişiklik həm Qərb, həm də Rusiya ekspertlərini təəccübləndirib və son 80 ildə Avropanın ən böyük müharibəsinin gedişi barədə çoxsaylı suallar doğurub.

Avstraliya ordusunun keçmiş generalı və Rusiyanın hərbi doktrinası üzrə ekspert Mik Rayan bu barədə “Azadlıq” radiosuna belə deyib: "Çünki Surovikinin metodları və Rusiya xalqına qələbə kimi təqdim olunacaq uğurları əldə edə bilməməsi Putini artıq hövsələdən çıxarmışdı. Bu, Rusiya hərbiyyəsi ilə “Vaqner” qrupu arasındakı açıq rəqabət və yarışı əks etdirən bir saray siyasətidirmi? Yoxsa səbəb Putinə birbaşa çıxışı olan Surovikinin Gerasimovdan daha qüdrətli olmağa başlaması idi?”

Bütün bu deyilənlər bəzi təhlilçilər tərəfindən Putinə yaxın çevrədə rəqabətin qızışması kimi qiymətləndirlir.

Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzindən hərbi ekspert, keçmiş dəniz piyadaları polkovniki Mark Kensian deyir ki, müharibə yaxşı getməyəndə adətən hərbi komandanları mülki liderlərlə əvəzləyirlər.

Ekspert deyir ki, 1860-cı illərin müharibəsində prezident Linkoln general Uliss Qrantın üzərində dayananadək neçə-neçə komandan dəyişmişdi.

Lakin ABŞ-da mənzillənmiş RAND analitik mərkəzindən Rusiya hərbiyyəsi üzrə ekspert Dara Massikot isə deyir ki, necə olursa olsun, indiki halda “ən səriştəli komandan” “ən səriştəsizi” ilə əvəzlənib və bu, dəyiş-düyüşün arxasında çoxsaylı faktorların olduğunu göstərir. Onun fikrincə bu dəyişikliyin arxasında daxili çəkişmə, hakimiyyət davası, qısqanclıq kimi faktorlar dayanır.

Məqalədə deyilir ki, bütün hallarda müdaxilə Moskva üçün heç də uğurlu getmir. Qərb rəsmiləri Rusiyanın itkilərinin ölü və yaralı olaraq 100 mini keçdiyini təxmin edirlər. Həmin təxminlərə görə, Ukraynanın da itkiləri elə bu qədərdir.

Putin döyüş meydanında məqsədlərinə çata bilməyib: Kiyev dərhal tutulmayıb, Prezident Volodimir Zelenskinin hökuməti devrilməyib, Ukrayna ordusu təslim edilməyib. Moskvanın bu müharibədəki ən böyük uğuru hələki yalnız Azov sahilindəki Mariupol şəhərinin işğalıdır.

Hətta ötən yayda komandanlıq strukturunun dəyişdirilməsi və ordunun yenidən qruplaşması da kara gəlməyib. O vaxtdan bəri Rusiya qoşunları yalnız Luqansk vilayətinin Severodonetsk və Lisiçansk şəhərlərini tuta bilib.

Bunun ardınca, payızda Qərbdən gətirilən silahlarla güclənmiş Ukrayna ordusu Xarkov vilayətinin çox hissəsini, Donetsk regionundakı strateji qovşaq – Liman şəhərini işğaldan azad edib.

Döyüş meydanındakı bu uğursuzluqların ardınca, Moskva Çeçenistan başçısı Ramzan Kadırov və “Vaqner” qrupunun sahibi Yevgeni Priqojin kimi sərt xətt-hərəkət tərəfdarı millətçilərin təzyiqi altında general-polkovnik Aleksanr Lapin də daxil bir neçə rütbəli komandanı Liman şəhərinin itirilməsinə görə işdən kənarlaşdırıb.

Bunun ardınca sentyabrda Putinin qismən səfərbərlik elan etməsi Rusiyanın canlı qüvvədən korluq çəkməsinin əlaməti kimi yozulub.

Daha sonra, oktyabrın 8-də Putin Suriya müharibəsində qəddarlığı və sərtliyi ilə ad çıxarmış Surovikini Ukraynadakı bütün Rusiya qüvvələrinin komandanı təyin edib. Surovikin bu vəzifəyə gələndən ikicə gün sonra Ukraynanın enerji sistemini raket və dron bombardmanına məruz qoyub. Kiyev və Qərb mülki obyektlərin vurulmasını terrorçuluq adlandırıblar.

Noyabrın 9-da Surovikinin taktiki səbəblərlə Rusiya qoşunlarını Dneprin sağ sahilindən çıxarması Ukraynaya Xerson şəhərini təntənəli şəkildə azad etmək imkanı verib. Belə görünür ki, o vaxt bunu çox mühüm qərar kimi qiymətləndirmişdilər. Bu həm də onu göstərirdi ki, Surovikin Putinin tam etimadını qazanıb.

Bəzi Rusiya rəsmiləri bildirirdilər ki, Ukrayna müharibəsindəki uğursuzluqlar məhz vahid komandanlığın olmaması ilə bağlı idi. Bundan əvvəl aprel ayında general Aleksandr Dvornikov Ukrayna müharibəsində Rusiya qoşunlarının komandanı olmuşdu. Lakin ikicə ay sonra onun yerini general Gennadi Jidko tutmuşdu. Amma Surovikinə qədər Ukrayna müharibəsinə nominal baxımdan vahid komandanlıq olmamışdı.

Ekel yazır ki, Surovikinin yeni birbaşa rəhbəri – Baş Qərargah rəisi Gerasimova on ildən çox müddətdə ən səriştəli strateq kimi baxılıb. Lakin davakar millətçilər onu Putinin yaxın çevrəsinə daxil olan müdafiə naziri Sergey Şoyqunun müttəfiqi olduğuna görə tənqid edirlər. Rayan bu barədə deyir: "Müharibədən əvvəl Gerasimov müasir dövrün ən yaxşı nəzəriyyəçisi sayılırdı. Lakin onun islahatları döyüş meydanında strateji uğurla nəticələnmədi. Çətin ki, onun döyüş meydanındakı varlığı da nəyisə dəyişsin”. Bəzi müşahidəçilər deyirlər ki, Gerasimovun vahid komandan vəzifəsinə gəlişi, Ukraynanın Qərbdən yeni – daha müasir silahlar gözlədiyi bir vaxta təsadüf edir. Bu isə o deməkdir ki, Ukrayna yeni əks-hücumlara keçə, Rusiyanın canlı itkiləri isə dəfələrlə arta bilər.

Ekspertlərin fikrincə, pis xəbərləri Putinə məhz Gerasimovun çatdırması lazım gələcək. Rayan ehtimal edir ki, bəlkə də Putin və Şoyqu Gerasimovu müharibə uğursuzluqları üçün “qurbanlıq quzu” olmağa hazırlayırlar.

Kremlə müttəfiq siyasi təhlilçi, qatı müharibə tərəfdarı Sergey Markov düşünür ki, indiki dəyiş-düyüş çox az əməliyyat fərqi yaradacaq. Onun fikrincə, Surovikin Ukraynadakı komandan vəzifəsində, Gerasimov isə Moskvadakı kürsüsündə qalmalıydı.

Markov habelə hesab edir ki, son dəyişiklik Mariupol və Severodonetskin zəbt olunmasında müstəsna rol oynamış “Vaqner” muzdlularının Baxmut və Soledar uğrunda gedən döyüşlərdəki uğurları ilə bağlıdır: "Gerasimovun təyinatı “Vaqner”in uğurları ilə eyni vaxta düşüb. “Vaqner” döyüşçülərinin nizami qoşunlardan daha səriştəli olması isbat olunub”.

Buna baxmayaraq, dəyişikliyin ardınca, yanvarın 12-də Priqojin, Kadırov və Şoyqunun başqa tənqidçiləri səslərini çıxarmayıblar. Bəzi ekspertlər bunun yetişməkdə olan dramanın pərdəarxası çəkişmələrinin əlaməti olduğunu bildirirlər. Onların firkincə, hazırda bir tərəfində Şoyqu və Gerasimov, qarşı tərəfində isə Surovikin və Priqojin olmaqla, bir-birinə rəqib iki siyasi fraksiya formalaşıb.

Rusiya siyasi ekspertlərindən Tatyana Stanovaya isə “Twitter”də yazıb ki, hərbi sahədə naşı olan Putin bu iki dəstənin arasında qalıb.

ABŞ Müharibə Tədqiqatları İnstitutunun hesabatında deyilir: "Gerasimovun yüksəldilməsi Müdafiə Nazirliyini tənqid edən çalağanların təsirini zəiflətmək məqsədi güdür və Priqojin kimilərinə nazirliyin tənqid edilməsini azaltmaları üçün xəbərdarlıqdır”.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar