“UKRAYNA BU İL RUSİYANI MƏĞLUB EDƏ BİLƏR, AMMA...” – “Müharibənin uzanması Qərbə çox baha başa gələcək”

“Ukraynada 11 aydan artıqdır ki,  döyüşlər davam edir. Hazırda hər iki tərəf də yeni hücumlar üçün güc toplamağa çalışır. Rusiya Ukraynanın Soledar (şəhər dünən tam işğal olunub –red.) və Baxmut şəhərləri istiqamətində ağır artilleriya və piyada hücumları hesabına irəlliyişə nail olsa da, minlərlə canlı qüvvə itirib. Ukrayna qoşunları isə Donbası müdafiə edərkən ağır itkilər verib. İndi hər iki tərəfin əsas strategiyası canlı qüvvə sarıdan itkiləri məhdudlaşdırmaq üzərində qurulub”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” nəşrində yayımlanan “Ukrayna müharibədə qalib gəlirmi?” başlıqlı məqalədə bildirilir.

Sözügedən məqalənin bir hissəsinin tərcüməsini oxuculara təqdim edirik: “Ukrayna 2022-ci ili ölkənin şimalında və cənubunda həyata keçirdiyi iki çox uğurlu əks-hücumla başa vurdu. Şimalda Xarkov vilayətinin Kupyansk, İzyum və Liman kimi əsas şəhərləri işğaldan azad edildi. Cənubda Xerson vilayətinin əsas hissəsi, o cümlədən regional paytaxt hesab olunan Xerson şəhəri azad edildi. Bu istiqamətdə rus ordusu darmadağın edildi və sonda Dnepr çayının qərb sahilindəki bütün mövqelərdən geri çəkilməyə məcbur oldu. Norveç kəşfiyyatının son hesablamalarına görə, işğalın başlandığı gündən bəri Rusiya təxminən 180 min hərbçisini itirib. Onların bir hissəsi həlak olub, ağır yaralanıb və ya əsir götürülüb.

“Zelenskinin qüvvələri qalib gələ bilər amma...”

Birləşmiş Krallıq İnstitutunun tədqiqatçısı Castin Bronk “Daily Mail” nəşrinə müsahibəsində bildirib ki, Zelenskinin qoşunları 2023-cü ildə Rusiyanı məğlub edə bilər, amma bunun üçün ilk növbədə Qərbdəki müttəfiqlər hərbi dəstəklərini artırmalı, Ukraynanı müasir tanklarla təmin etməlidirlər:“Yeni hərbi texnikalar yazın əvvəlinə qədər Ukraynaya təhvil verilərsə, Zelenskinin qüvvələri canlı itkilər vermədən Rusiyaya qarşı həlledici irəliləyişlər əldə edə bilərlər”.

“Rusiya daha 500 min insanı müharibəyə cəlb etməyə hazırlaşır”

Rusiya 2022-ci ilin sentyabr ayının sonundan etibarən müharibəyə təxminən 300 min yeni canlı qüvvə toplayıb. Bu çağırışçıların bir hissəsi vaxt azlığına görə, çox kiçik təlimlərlə cəbhəyə göndəriliblər və nəticədə Rusiya böyük miqyasda itkilərlə üzləşib. Hazırda bu çağırışçıların təxminən 150 min nəfəri sentyabr ayından bəri təlim keçir və cəbhəyə yollanmağa hazırlaşırlar. Bu qüvvələr çox güman ki, fevral ayında Baxmut və Soledar ətrafında gedən döyüşlərdə istifadə ediləcəklər. Təbii ki, onlar peşəkar birlik olmayacaqlar, ancaq hər halda “yem” kimi cəbhəyə göndərilən təzə çağırışçılardan daha bacarıqlı olacaqlar. Bundan əlavə, Rusiya daha çox birlik yaratmaq üçün təxminən 500 minə yaxın insanı müharibəyə cəlb etməyə hazırlaşır.

“Ukraynada 700 min insan müharibəyə cəlb olunub”

Ukrayna ötən ilin fevralından – işğalın başlandığı tarixdən indiyə qədər təxminən 700 min insanı müharibəyə cəlb edib. Hazırda yeni birliklər formalaşdırmaq üçün bu hərbçilərə müxtəlif təlimlər keçirilir. Ancaq hazırda Ukraynanın canlı qüvvədən daha çox döyüş vasitələrinə ehtiyacı var. Qərbdəki müttəfiqlər Ukraynaya müxtəlif yardımlar göstərsələr də, indi onlara lazım olan əsas şey ağır hərbi texnikalardı.

Çox güman ki, Rusiyanın fevralda gözlənilən hücumları effektsiz olacaq və zəif təlim keçmiş bölmələr qışda möhkəmləndirilmiş Ukrayna mövqelərinə hücum zamanı ağır itkilərlə üzləşərərək, geri çəkiləcəklər.

Ukraynanın yaz və yay aylarında baş tutacaq əks-hücumları nə dərəcədə uğurlu olacaq?

Ukrayna qoşunlarına Rusiya mövqelərinə hücum etmək üçün palçıqlı döyüş meydanlarını keçərkən onları artilleriya atəşindən qoruya bilən, atəş gücünə malik yüzlərlə zirehli texnika, atəş dəstəyi və ən əsas da döyüş tankları və mobil artilleriya sistemləri lazımdır. Əgər yazın əvvəlinə qədər ABŞ-ın “M2 Bradley” piyada döyüş maşını və Almaniyanın “Leopard 2” döyüş tankı kimi nəqliyyat vasitələrini idarə etmək üçün kifayət qədər Ukrayna bölmələri hazırlanarsa, o zaman onlar piyada itkilərinə məruz qalmadan Rusiya qüvvələrinə qarşı həlledici irəliləyişlər əldə edə bilərlər.

Qərb qüvvələr balansını pozacaq - Rusiyanın növbəti səfərbərlik dalğalarından, yenilənmiş hərbi sənayesindən əvvəl Ukraynaya öz ərazilərini geri almağa kömək etməlidir. Ukrayna yaza qədər lazımi döyüş vasitələrilə təmin edilməzsə, Rusiya müharibəni 2024-cü ilə qədər davam etdirə bilər. Müharibənin bir il də uzanması Qərbə çox baha başa gələcək. Ona görə də Qərb ölkələri elə indi Ukraynanın qalib gələ bilməsi üçün lazım olan hər şeyi etməlidirlər”.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar