“2013-cü ildə Aslanlı Zahidə 1.000.000 ABŞ dolları pul verərək rəsmi alqı-satqı müqaviləsi ilə “Dan Ulduzu” şadlıq sarayının 50 %-nə mülkiyyət hüququ əldə etmişəm. 2016-cı ilə qədər A.Zahid mənə nə gəlir verib, nə də idarəçiliyə buraxıb. 2016-cı ilin yanvarından məhkəməyə müraciət etmişəm. Bu iş üzrə qanuni qüvvəyə minmiş 20-dən çox məhkəmə qətnaməsi, qərardadı və qərarı var”.
“AzPolitika.info” xəbər verir ki, bunu Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Ə. Hacınski, ev 2 ünvanında yaşayan İsmayılov Ağaəli Şirəli oğlu Nizami Rayon Prokurorluğuna ünvanladığı müraciətində bildirib. “Gününsəsi.info” saytının ictimailəşdirdiyi müraciətdə Ağaəli İsmayılov məhkəmə qərarlarının icra olunmadığını, borclu tərəfin hədə-qorxu gələrək məsuliyyətdən yayındığını bildirir.
A.İsmayılov yazır: “Bakı Apellyasiya Məhkəməsinin 03 fevral 2017-ci il tarixli 2(103)-913/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməyə əsasən, Aslanlı Zahid Həsən oğlundan mənim xeyrimə 1 milyon dollar və əlavə olaraq 70 dollar tutulması qət olunub. A.Zahid həmin pulu ödəməkdən imtina edir. Baxmayaraq ki, kifayət qədər əmlakları, avtomobilləri və başqa “şadlıq evi” vardır. Məhkəmələrdə əsassız iddialar qaldırmaqla, qərardadlardan şikayət verməklə icra işini uzadır”.
Şikayətçi bildirir ki, 2016-cı ilin yanvarından başlayaraq bu günə kimi məhkəmə prosesləri davam edir. Onun sözlərinə görə, bir çox hallarda məhkəmələr işin bu qədər uzanmasına “yardımçı” olur: “İş üzrə 26-dan çox qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, qərarı var. Aslanlı Zahid icraçıların hərəkətinə dair şikayət, qiymətləndirmə və hərracla bağlı əmlakların üzərinə həbs qoyulmasına görə əvəzləşdirmə ilə bağlı pul tələbinə dair iddialar qaldırıb, son nəticədə bütün qərarlar mənim xeyrimə olub.Mən artıq 7 ildir ki, məhkəmələrdəyəm. İcraçıların hərəkətləri, əmlakın hərracda satılması və digər proseslər qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə təsdiq olunub”.
A. İsmayılov qeyd edir ki, Bakı şəhəri, Nizami rayonu, 2405-ci məhəllə, B.Çobanzadə küçəsi, 14C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyət hüququ 29 aprel 2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində onun adına qeydiyyata alınıb.
“Bu qətnamədən şikayət verilir və Bakı Apellyasiya Məhkəməsi bizim xeyrimizə qətnamə çıxarır. Qarşı tərəf kassasiyası şikayəti versə də, təmin olunmur”, - o əlavə edir.

Şikayətçi bildirir ki, qeyri-yaşayış sahəsinə “Çıxarış” aldıqdan sonra əmlakın boşaldılması və vurulan ziyanın ödənilməsi tələbi ilə 2019-cu ilin may ayında iddia qaldırıb: “Nizami rayon Məhkəməsinin hakimi Rəşad Həsənovun icraatında işə baxılıb. Cavabdeh A.Zahid vəsatət verir ki, iş üzrə icraat dayandırılsın. Hakim vəsatəti qəbul etməkdən imtina edib. Şikayət nəzərdə tutulmasa da, qarşı tərəf şikayət verir. İş Apellyasiya Məhkəməsindən qaytarıldıqdan sonra hakim Fikrət Mirzəyevin icraatına verilir. Məqsəd yenidən işi dayandırmaq, vəsatət verib, qəbul etdirmək idi. Nəhayət, Nizami rayon Məhkəməsi 01 iyul 2021-ci il tarixdə qərar çıxararaq əmlakın boşaldılmasını qət edir.
2022-ci ilin dekabrında əmlakın boşaldılması və mənim sahibliyimə verilməsi barədə Nizami Rayon İcra və Probasiya şöbəsində icra işi başladı. Bakı şəhəri, Cobanzadə küçəsi 14 “c” ünvanda yerləşən qeyri-yaşayış sahəsi boşaldılaraq 23.01.2023-cü yanvar ayında mənim sahibliyimə verildi. İş icra olunsa da borclu Aslanlı Zahid Həsən oğlu mənim xüsusi mülkiyyətimdə olan qeyri-yaşayış sahəsindən istifadə etməyə maneəçilik törədir, hədə-qorxu gəlir, oradakı şəxsləri ölümlə hədələyir, əmlakımı məhv edir, giriş qapısını söküb aparıb. Bildirirəm ki, həmin qeyri-yaşayış sahəsinə “Çıxarış”ım və qarşısında olan torpaq sahəsindən istifadəyə dair texniki pasportum var. Aslanlı Zahiq hədə-qorxu ilə əmlakı geri qaytarmağını tələb edir, onun əməlində cinayət tərkibi var. Xahiş edirəm, hüquqi qiymət verərək araşdırma aparasınız”.
Rasim
“AzPolitika.info”

Şərhlər