SOCAR əməkdaşı Sübhan İsmayılov özünün Feysbuk səhifəsində 32 il əvvəl – 22 avqust 1991-ci ildə Naxçıvanda Heydər Əliyevlə görüşü haqda xatirələrini yazıb. Həmin vaxt Heydər Əliyevin yanında təbrizli bir jurnalist də olub. S.İsmayılov Heydər Əliyevin həmin jurnalistlə çox maraqlı dialoquna şahidlik edib.

“AzPolitika.info” S.İsmayılovun aktual mövzuda xatirə-yazısını təqdim edir:

Ümummilli liderimiz Heydər Əliyev Moskvadan Naxçıvana qayıtdıqdan sonra böyük qardaşım Əsəd İsmayılovla onun ziyarətinə getmişdik. Azərbaycanın o vaxtkı qorxaq rəhbərliyinin ləyaqətsiz münasibəti ucbatından bu siyasət nəhəngi blokadada olan Naxçıvana, bacısı nəvəsinin kiçik daxmasına sığınmalı olmuşdu...

Naxçıvanlılar axın-axın onun ziyarətinə gəlir, imperiyanın cəza aparatının təzyiq və təqiblərindən səhhətində nəzərəçarpacaq problemlər yaranmış, lakin əzəmətini əvvəlkidək saxlamış tarixi şəxsiyyəti yaxından görmək, ayaqüstü də olsa, əlini sıxmaq imkanını əldən vermək istəmirdilər.

Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtlarda ona bütün ad günlərində, bayramlarda təbrik teleqramları göndərən qardaşımı dərhal tanıdı, həyətdəkı stolun ətrafında əyləşməyə dəvət etdi. Ulu öndərimizin qızı Sevil xanım da övladları ilə atasının yanında idi...

Təbrizdən gəlmiş jurnalist yarımçıq qalmış müsahibənin davam etdirilməsini xahiş etdi və biz çox maraqlı söhbətə şahidlik etdik.

Jurnalistin "Azərbaycan müstəqil olub, ordu qura bilərmi" sualı Heydər Əliyevi bərk əsəbləşdirdi:

- Necə yəni müstəqil ola bilər? Necə yəni qura bilər?! Biz, mütləq müstəqil olacağıq və mütləq ordu qurmalıyıq! Mən o vaxt SSRİ rəhbərliyini güc-bəla ilə razı salaraq, məhz bu günü fikirləşib, Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratmışdım!

Vasilyan Ermənistanda 35 minlik ordu yaradıb, bizim rəhbərlər isə Moskvadan əl çəkə bilmirlər! Siyasi cəhətdən kordurlar, SSRİ dağılır, tezliklə olmayacaq, bunlar təcili ordu qurmaq, Qarabağı qorumaq əvəzinə, özlərini qorumaq üçün Prezident Qvardiyası yaradırlar! (Bizim görüşümüz 22 avqust 1991-ci ildə baş tutmuşdu)

O, sovet ordusunda qulluq edən azərbaycanlılardan ibarət kiçik və böyük zabit heyətinin, generalların sayını dəqiqliklə dedi, ordu qurmaq üçün yetərli kadr ehtiyyatının olduğunu əsaslandırdı.

Heydər Əliyev daha sonra özünəməxsus amiranə intonasiyası ilə təbrizli jurnalistə "Sən suallarını qurtardınsa, indi mənim sənə suallarım var" dedi. Çox narazı və narahat şəkildə suallarını verməyə başladı:

- İranın Ali Dini rəhbəri Azərbaycan türküdür (Əli Xameneinin Azərbaycan türkü olduğunu ilk dəfə məhz Ümummili Liderimizdən eşidirdim). Niyə ondan istifadə edib, öz dilinizdə bir məktəb açmırsınız?! Bir ovuc erməninin öz dilində məktəbinin olmasına necə dözürsünüz?!

- İran ordusunda 40-dan çox azərbaycanlı general var, hökumətdə azərbaycanlı nazirlər var, niyə onların gücündən faydalanmırsınız?! Niyə belə zəif, gücsüz duruma salmısınız özünüzü?!

Heydər Əliyevin bıcaq kimi kəsən sərt intonasiyası, zəhmi, haqlı sualları qarşısında təbrizli jurnalist başını aşağı salıb, susurdu...

Bu görüşdən 32 il keçir və o taylı-bu taylı Azərbaycanımızı canından çox sevən Ümummilli Liderimizin bir təbrizli jurnalistin timsalında 40 milyonluq cənubi azərbaycanlılara ünvanladığı suallar yenə də aktual olaraq qalır...