“Ermənistan Azərbaycandan sülh müqaviləsi üzrə yeni təklif alıb və hazırda onun mətni üzərində işləyir”.
“AzPolitika.info” xəbər verir ki, bunu hazırda Almaniyada olan xarici işlər naziri Ararat Mirzoyan mətbuata açıqlamasında verib. Amma o təklifin mətninə dair detallara varmayıb.
Xatırladaq ki, Ermənistan rəhbərliyi təxminən bir ay bundan əvvəl Azərbaycana sülh müqaviləsinin layihəsi ilə bağlı yeni təkliflərini təqdim etdiyini iddia etmişdi. Ancaq Mirzoyan bu təkliflərin nədən ibarət olduğu barədə suala da cavab verməyib.

Mirzoyan ötən ilin dekabrında Moskvada keçirilən üçtərəfli danışıqlarda Laçın yolundakı aksiyanı bəhanə edərək iştirak etmədiklərini təkrarlayıb: “Buna baxmayaraq biz Azərbaycan tərəfinə sülh müqaviləsi üzrə yeni təkliflərimizi vermişik və deməliyəm ki, bir neçə gün bundan əvvəl Azərbaycandan növbəti cavab və təklif almışıq. Təkrar edirəm ki, bu, fasiləsiz prosesdir və biz mətn üzərində işimizi davam etdirir, bir neçə mərhələdə təkliflər mübadiləsi ilə müzakirələrimizi davam etdiririk”.
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumat isə Mirzoyanın yenə saxtakarlıq etdiyin ortaya çıxarıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, A.Mirzoyanın istinad etdiyi təkliflər bir neçə gün deyil, 15 gün bundan əvvəl Azərbaycan tərəfindən təqdim olunub. Lakin o, təkliflərin detallarına toxunmayıb.

XİN rəsmisi qeyd edib ki, Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlar prosesi barədə yenidən manipulyasiyaya yol verir və özünü konstruktiv tərəf kimi təqdim etməklə beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır.
A.Hacızadə vurğulayıb ki, məhz Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlar prosesinin razılaşdırılmış gedişatını pozaraq ötən ilin dekabrında danışıqlardan imtina edib.
Onun sözlərinə görə, indi isə sülh sazişi üzrə danışıqlara qayıtmaq əvəzinə prosesə süni maneələr yaradırlar: "Azərbaycan Ermənistandan fərqli olaraq sülh sazişinin mətni üzrə danışıqların qısa müddət ərzində keçirilməsinin tərəfdarıdır və buna hər zaman hazırdır".
Politoloq Elxan Şahinoğlu bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyi ötən ilin mart ayında da İrəvana 5 baza prinsipinə əsaslanan təkiflərini göndərmişdi. O həmin təklifləri xatırladıb:
“1.Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
2.Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
3.Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
4.Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
5.Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması”.

Ekspert vurğulayır ki, rəsmi Bakının göndərdiyi yeni təkliflər də böyük ehtimalla bu 5 baza prinsipinə əsaslanıb.
“Bu təkiflərə kiçik əlavələrin olunması istisna deyil”,- o əlavə edib.
Təhlilçi qeyd edir ki, bu əlavələr 5 baza prinsipinin mahiyyətini dəyişdirməyib: “Ötən il İrəvan bu təkiflərə müsbət cavab vermədi və bununla özünə ziyan etdi. Çünki İrəvan təklifləri qəbul etmədiyini bildirdikdən təxminən 6 ay sonra iki ölkənin təmas xəttində döyüşlər baş verdi və Azərbaycan ordusu strateji yüksəklikləriə nəzarəti bərpa etməklə mövqelərini gücləndirdi.”
“Ermənistan hakimiyyətinə yeni bir şans verilir. Ermənistanın Baş naziri Nikol Paşinyan onsuz da etiraf edib ki, Qarabağ yükünü daşıya bilmir. Paşinyan Bakının yeni təkiflərini qəbul edərsə, bölgə sülhə yaxınlaşar və real əməkdaşlıq başlayar. Paşinyanın Bakının təkliflərini qəbul etməyə heç nə mane olmur. Ermənistan müxalifəti zəifdir, lidersizdir. Buna baxmayaraq, Nikol Paşinyanın ötən dəfə olduğu kimi rəsmi Bakının təkiflərinə özünün məntiqsiz təkliflərini əlavə etməsi ehtimalı yüksəkdir. Belə olan halda yenə nəticə əldə olunmayacaq” –deyə, ekspert bildirib.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər