Son 10 gün ərzində Oçeretinski sektorunda fəaliyyət göstərən Ukrayna qoşunları daha iki yaşayış məntəqəsinə - Kuçeriv Yar və Suxetskeyə nəzarəti bərpa ediblər.
"AzPolitika" UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib. "Beləliklə, 21 avqust 2025-ci il tarixinə bu sektorda olan vəziyyət sabitləşib, doqquz yaşayış məntəqəsi üzərində nəzarət bərpa edilib və daha doqquz yaşayış məntəqəsi düşmən təxribat qruplarından təmizlənib", - deyə bəyanatda bildirilir.
Baş Qərargah qeyd edib ki, Pokrovsk-Mirnoqrad aqlomerasiyasında və Pokrovsk istiqamətinin Oçeretin hissəsində vəziyyət çətin olaraq qalır. "Düşmən sayca üstünlüyə malikdir və hücum səylərini artırır. Silahlı Qüvvələrin bölmələri və Ukrayna Müdafiə Qüvvələrinin digər tərkib hissələri müəyyən ərazilərdə müdafiə, axtarış-zərbə və hücum əməliyyatları aparmağa davam edir və düşmənə xeyli itki verir", - deyə bəyanatda bildirilir.
Baş Qərargah bildirib ki, 26 oktyabr tarixinə Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Pokrovsk rayonunda 185,6 kvadrat kilometr ərazini azad edib və 243,8 kvadrat kilometr ərazini təmizləyib.
Baş Qərargah qeyd edib ki, Ukrayna qoşunları vəziyyəti sabitləşdirmək üçün Pokrovsk şəhərinə və şəhər daxilində hər gün kompleks əməliyyatlar aparır.
"Düşmən mövqelərarası məkandan istifadə və kiçik piyada qruplarının nüfuz etməsi yolu ilə şəhərdə təxminən 200 əsgər toplayıb. Şəhərdə kiçik silahlarla döyüşlər davam edir və PUA bölmələri fəal şəkildə fəaliyyət göstərir. Düşmənin daha dərinə irəliləmək və şəhər ərazisində möhkəmlənmək cəhdlərinin əks-təxribat əməliyyatları ilə qarşısı alınır", - Baş Qərargahın bəyanatında deyilir.


Şərhlər