Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin yenidən təşkili ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, BakuBus və Bakı Taksi Xidməti MMC-ləri “Bakı Metropoliteni” QSC-yə birləşdiriləcək. Bununla əlaqədar bir sıra fərman və sərəncamlara dəyişikliklər edilib, bəzi sənədlər isə ləğv olunub.
Bəs bu qərar paytaxtın ictimai nəqliyyat sisteminin idarə olunmasında hansı yeniliklərə və dəyişikliklərə səbəb olacaq?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, metro mərkəzli inteqrasiya olunmuş şəhər nəqliyyat sistemi qurulacaq və bunun sayəsində sıxlıq və tıxacların azalması gözlənilir.
Onun sözlərinə görə, ictimai nəqliyyatın cəlbediciliyi artacaq, sərnişinlər üçün isə vahid, rahat və funksional sistem formalaşacaq.

Ekspertin sözlərinə görə, bu qərar Bakı şəhərində uzunmüddətli perspektivdə şəhər mobilliyinin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edə bilər: “Hazırda şəhər mobilliyi istiqamətində mühüm nailiyyətlər əldə olunub və mobilliyin transformasiyası həyata keçirilir. Qərarın əsas məqsədlərindən biri dövlət balansında olan daşıyıcı şirkətləri vahid idarəetmə sistemi altında birləşdirməkdir. Burada əsas məsələ qəbul edilən modelin effektiv icrası, institusional koordinasiyanın qorunması və sərnişinyönümlü yanaşmanın prioritet saxlanılmasıdır.
Bu şərtlər təmin olunarsa və mən əminəm ki, təmin olunacaq, Bakı yaxın illərdə daha müasir, inteqrasiya olunmuş və dayanıqlı nəqliyyat sisteminə sahib olacaq”.
E.Cəfərov əlavə edib ki, Bakı Metropoliteninin yenidən təşkili ilə bağlı qəbul edilən qərar strateji baxımdan düzgün addımdır: “Müasir şəhərlərdə nəqliyyat artıq ayrı-ayrı seqmentlər üzrə deyil, vahid sistem kimi idarə olunur və Bakı da bu istiqamətdə institusional transformasiya mərhələsinə daxil olub.
Qərarın əsas məqsədləri şəhər nəqliyyatında idarəetmənin optimallaşdırılması, resurslardan daha səmərəli istifadə və müxtəlif nəqliyyat növləri arasında funksional inteqrasiyanın təmin edilməsidir. Yəni əsas hədəf metro sisteminin yalnız sərnişindaşıma funksiyası ilə məhdudlaşmamasıdır”.
Oğuz Ayvaz
AzPolitika.info

Şərhlər
Bütün dünyada avtobusla sərnişin daşınması əsasən dövlətə məxsus nəqliyyat strukturları tərəfndən yerinə yetirir və bu sahəyə dövlət lazımi subsidiyalar edir,dotasiyalar verir.Bəs bizdə? Azərbaycanda nədənsə bu sahədə də bəzi şəxslərin ixtiyarına verilib ki, bundan da xalq əziyyət çəkir.Yanaşma dəyişməlidir.
Ölkə əhalisinin 60%-dən çoxu yığışıb Bakıya. Şəhərdə bu qədər əhalini sığışdırmaq olmur. Rayonlar günü gündən boşalır, hamı axışıb gəlir Bakıya, nəqliyyatda bu yükü götürə bilmir, bu qeyri-mümkündür. Bir səbəbdə hakimiyyətin yarıtmaz siyasətidir ki, bu ölkədə heç bir zavod və fabrik açılmır, əhali rayonlara qayıtsın, paytaxtın yükü azalsın.
Yaxşılığa doğru heç nə dəyişməyəcək..Çünki ixtisaslı yanaşma görünmür. Bu sahəyə kommersiya nöqteyi nəzərdən yanaşma doğru deyil.İşin təşkilini anlayan mütəxəssislərə ehtiyac var.Sərnişin daşınmasını özəl əllərə tapşırmaq yanlışdır və müsət nəticə verməyəcək.
Bu birləşdirmə qərarı olduqca yanlış və vəziyyəti daha da qəliz və xaotik-idarə olunmaz hala gətirməyə xidmət edir.Sərnişin daşınması dövlət tərəfindən təşkil olunmalı və nəzarətdə saxlanılmalıdır.Özəl qurumıar bu işdən kənatlaşdırılmasa vəziyyət düzəlməyəcək
Boş söhbətdir. Heç nə dəyişməyəcək. Bəlkə hələ betər olacaq. İllərdir qurumları birləşdirir daha sonra "alınmadı" deyib ayırırlar. Nəticə olmayacağını bilərək. Sanki, bir neçə il "qazanmaq naminə edilirmiş kimi görünür...