Etibar Əliyev,
Fəlsəfə doktoru
“Dünyada hər şey kitabla yekunlaşmaqdan ötrü mövcuddur”.
Stefan Mallarme
Qərbi Azərbaycan mövzusu ilə bağlı xeyli sanballı kitablar yazılıb. Artıq doğma diyarımızın toponimlərini, tarixini, mədəni irsini, folklorunu, mətbəxini, incəsənət nümunələrini, arxetiplərini dərindən öyrənməklə qayıtmaq şövqümüz güclənir. Yaddaşımız genişlənir…
Gənc nəsil həqiqi tariximizi öyrənməklə zaman -zaman məruz qaldığımız böyük fəlakətlərdən xəbərdar olmalıdırlar. Onlara professor Mahirə Hüseynovanın “Qərbi Azərbaycan: Danışan izlərin” işığında kitabını oxumağı tövsiyə edirəm. 740 səhifəlik bu möhtəşəm kitabda Prezident İlham Əliyevin çıxışları, Qərbi Azərbaycanla bağlı elmi araşdırmalar, Qərbi Azərbaycan mövzusunda məruzə və çıxışlar, Qərbi Azərbaycan televiziyası “Ziyalı” proqramında dəyərli ziyalılarımızla müsahibələr, müəllifin hekayələri və şeirləri yer alıb.
Kitabı oxuduqdan sonra belə qənaətə gəldim ki, Mahirə xanım Hüsenova sanballı alim, gözəl şair olmaqla yanaşı, həm də hekayə ustasıdır. Hekayələrin forma və məzmunu, bir-birini tamamlayır, fabula möhtəşəmdir. Oxuduğum “Hippokrat andı” və “Cəsədlər Allah evində” hekayələrində qan donduran məqamlar var.
"Hippokrat andı" hekayədə hamilə qadına doğum evində Siranuş adlı erməni mamaça zəhərli iynə vurur, dünyaya gələn oğlan uşağı və ana ölür. Qadın doğum evində ikən anasına vəziyyəti izah edir: “Ana, sən gətirdiyin quymağı Siranuş gözümün qabağında yerə töküb ayaqladı. İstədim qoymayam, deyəm ki, günahdır. Az qaldı ki, saçımdan tutub sürüyə. Dedi ki, sənin dünyaya gətirdiyin o küçük sabah erməni soyqırımı törədəcək. Onu evə apara bilməyəcəksən”. Siranuş istəyinə çatdıqdan sonra gəlinə baş çəkməyə gələnlərə üz tutur: “Nə var yenə niyə gəldiniz? Sizin oğlan öldü. Kömək edə bilmədik”. Bu hekəyənin süjeti Qərbi Azərbaycanın bütün rayon və kəndlərində uyğun qeyri-insani hadisələrin təsvirdidir.
Hekayənin sonunda Ballının anası Sayalı xanımın harayı bizi sanki həmin məkana köçürür. Çarəsiz duruma düşmüş insan mütləq affekt vəziyyətinə düşür və havalanır: “Onu tez-tez kəndarası yollarda, öz-özüylə danışa-danışa gəzəndə görürdülər”.
Yüksək psixoloji məqamlarla zəngin olan hekayənin ideyası belə ifadə olunur: “Bir ailə də beləcə faciənin girdabına düşdü”.
“Cəsədlər Allah evində” hekayəsini oxuduqda sanki özümü doğma kəndimiz Şirazlıda hiss etdim. Erdəpində kənd toya hazırlaşır. Səfər oğluna toy edəcəkdi. Müəllif kəndin yüz illər boyu formalaşmış toy - büsat ənənələrini yüksək ustalıqla və canlı formada təsvir edir. Toya hazırlığın axşamında vilislə kəndə iki erməni gəlir kişiləri yığıb nəsə danışır və tez də çıxıb gedirlər. Kişiləri sanki ildırım vurur. Artıq məsələ bəlli idi. Kənd zorla boşadılacaqdı. Kənd sakinləri toy şənliyi ilə qaçqınlıq ekzistensiyasını yaşayırlar.
Hekayədən: “İnsanlar tez tez məscidə gedər dualar edər, pirlərin ziyarətinə çıxardı, qadınlar, qocalar. “Kaş yalan olaydı”-deyərdilər. Kəndin bəzi adamları yır-yığış da edirdi. Nə götürsünlər, nə qalsın? Niyə getsinlər? Dədə-babalarının qəbirlərini kimə tapşırsınlar? Bəs bu əkin-biçin? Bəs bu evlər? Bu yurdlar necə olsun bəs? Çox da uzaq olmayan bir tarixdi bu. 1885-ci ilin payızı idi”. Kəndə soxulan erməni saqqallıları kəndin kişilərini məscidə doldurub diri-diri yandırdılar. Barbarların etdikləri vəhşiliklərin bir məntiqi var idi: Şahid qalmamlıdır.
Hekayədən: “Hamını gülləyəyib, qalanlarını diri-diri torpağa basdırmışdılar. Bəli cəsədlər məsciddə, ruhlar isə dağların başında qaldı. Sonralar bu kəndin xarabalığı belə qalmadı, şumladılar. Yazda gələn sel -su çox da dərinə basdırılmayan cəsədləri açıqda qoyubmuş…”
Heminqueyin bu fikri gözəldir: «İnsan onun üçün yaranmayıb ki, məğlubiyyətə düçar olsun, insanı məhv etmək olar, lakin ona qələbə çalmaq olmaz». Həqiqətdir. Ermənilər bütün vəhşilikləri etdilər. Lakin qələbə çala bilmədilər…
Mahirə Hüseynovanın hekayələrinin səhifələrində ailələr və öz emosional təəssüratlarını birlikdə ifadə edən insanların (bəzənsə xəyallarda) ən təsadüfi və rasional dəstəsi artıq özünə yer tutub. Yazıçı öz axtarışlarını deklarasiya etmədən insan əzablarını üzə çıxarır və qorxu doğuran “bir daha qaçqın olmayacağıq” sözündən hər cür yaxa qurtarmağa çalışır. Yazıçı 100 illər boyu əzab - əziyyətə və faciələrə düşar olmuş insanların taleyini əsərlərində çanlamdırmaqla bizlərə ozon qatı kimi nazik olan optimizm bəxş edir.


Şərhlər