Yaxın Şərqdə xəritələr və güc balansları yenidən cızıldığı bir vaxtda İslam dünyasının dörd ağır çəkili oyunçusu — Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misir — prosesləri kənardan izləmək niyyətində olmadıqlarını nümayiş etdirirlər.
Qahirədə xarici işlər nazirləri səviyyəsində keçirilən son görüş sadəcə növbəti protokol xarakterli diplomatik toplantı deyil. Bu, ABŞ-İran xəttindəki yeni reallıqlara və post-müharibə dövrünün çağırışlarına qarşı regional bir "böyük strateji gedişdir".
Rəsmi görüşlərin pərdəarxası: Niyə məhz indi?
Bu format ilk deyil - nazirlər daha əvvəl Ər-Riyad, İslamabad və Antalyada da bir araya gəlmişdilər. Lakin Qahirə görüşünü kritik edən əsas amil zamanlamadır. ABŞ, İsrail və İran arasındakı hərbi toqquşmalardan sonra region köhnə status-kvonu itirib. İndi masa üzərində tamamilə fərqli bir Yaxın Şərq var və bu dördlük dəyişən hərbi-siyasi mühitdə dalğanın altında qalmamaq üçün ortaq mövqe formalaşdırmağa çalışır.
Danışıqların nüvəsini ABŞ və İran arasındakı təmaslar təşkil edir. Burada əsas narahatlıq Vaşinqton və Tehranın mümkün kompromisinin, yaxud bölgəni öz aralarında formalaşdırmaq cəhdlərinin digər aparıcı İslam dövlətlərini oyundan kənarda qoyma riskidir. Məhz bu risk dörd paytaxtı qabaqlayıcı addımlar atmağa məcbur edir.
İttifaqın sütunları: Nüvə gücü, siyasi çəki və iqtisadi resurslar
Ehtimal olunan bu yeni hərbi-siyasi ittifaqın formalaşması üçün fundamental zəmin artıq mövcuddur:
Ankara-İslamabad oxu: Türkiyə və Pakistan arasında hərbi-texniki və strateji tərəfdaşlıq ən yüksək səviyyədədir. Pakistanın nüvə gücü bu tənlikdə mühüm çəkiyə malikdir.
Riyad-Qahirə faktoru: Səudiyyə Ərəbistanının maliyyə-iqtisadi resursları və Misirin ənənəvi ərəb siyasi liderliyi regionun əsas sabitlik sütunlarıdır.
Ankaranın diplomatik çevikliyi: Türkiyənin həm Qahirə, həm də Ər-Riyadla son illərdə münasibətləri tam bərpa etməsi və dialoqu dərinləşdirməsi bu dördlü koalisiyanın əsas hərəkətverici mühərrikinə çevrilir.
Regional təhlükəsizliyə yeni çətir
Aparıcı müsəlman dövlətləri anlayırlar ki, nə Fələstin problemini, nə də regional təhlükəsizlik böhranlarını kənar güclərin subyektiv maraqlarına buraxmaq olmaz. ABŞ və İranın bölgədəki hərbi-siyasi nüfuz rəqabətinin və sövdələşmələrinin yarada biləcəyi qeyri-müəyyənliyi önləmək üçün bu dörd paytaxtın koordinasiyanı gücləndirməsi vacibdir. Bu, gələcəkdə regionun taleyini kənar aktyorların deyil, məhz yerli regional güclərin təyin edəcəyinə dair ciddi bir mesajdır.
Qahirə görüşü sadəcə bir müzakirə deyil, Yaxın Şərqin yeni təhlükəsizlik arxitekturasının ilkin eskizidir.
"AzPolitika.info"

Şərhlər