MİNGƏÇEVİRDƏ “KLİNİKA ƏMƏLİYYATI”... – Və ya Türkiyədə cinayətdə ittiham olunan şəxs şəhər sakinlərini necə aldadıb?

Bir neçə ay bundan öncə “AzPolitika.info”-da yayımlanan “Türkiyədə cinayətdə ittiham olunan şəxs Azərbaycanda klinika açır” və “Lisenziyası olmayan klinika üçün “açılış” konserti...” başlıqlı yazılarda özünü türkiyəli iş adamı kimi təqdim edən Alper Mövlud Ceylan adlı şəxsin Mingəçevirdə özəl klinika açmaq adı ilə yalan vədlər verərək insanları aldatdığı haqda yazmışdıq.

Həmin vaxt redaksiyamıza göndərilən məlumatda bildirilirdi: “Barəsində Türkiyədə cinayət işi açılan Alper Mövlud Ceylan adlı şəxs insanlara müxtəlif vəzifələr, iş imkanı vəd edərək klinikanı açmaq üçün xeyli sayda şəhər sakinindən pul aldığı, buna görə səs-küylü bir açılış edərək “göz boyamağa” çalışdığı bildirilir. Əslində isə icarəyə götürdüyü binada klinika açmaq üçün nə lazımi şərait yaradılıb, nə də zəruri müasir avadanlıqlar alınıb. Bir “UZİ” və bir neçə başqa aparatla qadın və uşaq xəstəlikləri mərkəzi yaratdığını, klinika açdığını elan etmək insanları aldatmaqdan başqa bir şey deyil”.

Bundan əlavə, 2017-ci ildə Alper Ceylan barəsində Türkiyə Respublikası Kocaeli Şəhər Baş Prokurorluğu tərəfindən cinayət işi açıldığı bildirilirdi. Alper Ceylana cinayət işinin açılmasına səbəb isə onun “Twitter” hesabından Türkiyə Respublikasının Prezidenti Receb Tayyib Ərdoğana qarşı təhqir xarakterli paylaşım etməsi, ona böhtan atması, şəkilləri üzərində “Photoshop” proqramı vasitəsi ilə dəyişikliklər edərək dövlət başçısını aşağılamağa cəhd etməsi olub.

Alper Mövlud Ceylan

Mətbuatda yayılan xəbərlərə görə, artıq “Anadolu” klinikasının rəhbəri və müavini həbs olunub. Klinikanın rəhbəri Alper Mövlud Ceylan və onun müavini Kərim Nadirov haqqında məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilib.

Əldə olunan ilkin məlumata görə, klinikaya qəbul olunan şəxslərdən işə qəbul müqabilində daşıyacağı vəzifəyə görə müəyyən məbləğdə vəsait alınıb və həmin vəsaitin depozit olaraq yatırılaraq müəyyən müddət sonra qaytarılacağı vəd olunub. Amma pasient azlığı və gəlirlərin azlığı bəhanə edilərək vədlərinə əməl etməyiblər.

Bu səbəbdən pul alınaraq “işə götürülən” əməkdaşlar vaxtından öncə daşıdığı vəzifədən uzaqlaşdırılıb. Yerdə qalan əməkdaşlara isə, ümumiyyətlə, əmək haqqı ödənməyib və yalnız ödəniləcəyi ilə bağlı vəd verilib. İddiaya görə, klinika rəhbərliyi yatırılan depozitləri mənimsəyib, bir hissəsini, ümumiyyətlə, qeydə almayıb.

Qeyd edək ki, “klinikanın” rəhbərləri həbs olunmazdan əvvəl mətbuata çıxan Mingəçevir sakinləri Alper Mövlud Ceylan və onun müavini Kərim Nadirov tərəfindən necə aldadıldıqlarını açıqlayıblar.

Mingəçevir sakini Vahid Məmmədov Meydan TV-yə açıqlamasında bildirib ki, valideynləri də daxil olmaqla 200-ə yaxın şəxs depozit qoyaraq guya klinikada işə götürülüb:“Şəhərdə müxtəlif özəl klinikalar fəaliyyət göstərir. Amma bu klinikanın açılışında tanınmış müğənnilər iştirak etdilər, sosial şəbəkələrdə səhifələri yaradıldı, reklam edildi. Sonradan klinikada işçi axtarıldığı, işçilərdən depozit yığıldığı deyiləndə hamı inandı. Amma nə maaş verildi, nə də depozit adı ilə yığılan pullar geri qaytarıldı”.

“Kimi həkim köməkçisi, tibb bacısı, sanitar, mühafizəçi, xadimə, kimi də sürücü kimi işə götürülüb. Müxtəlif rəqəmlər səsləndirilir, biri 2 min, o biri 3 min 500 manat verib. Deyiblər ki, iki il ərzində geri qaytarılacaq. Amma heç kimə maaş verilmir. Hamı yığılıb, pulunun geri qaytarılmasını tələb edir”,- şikayətçi bildirib.

Vahid Məmmədovun sözlərinə görə, işləmək, bir parça çörək qazanmaq üçün kredit götürüb klinika rəhbərliyinə verənlər var: “Məsələn, tanıdığım biri var, bankdan 2500 manat götürərək depozit qoyub, guya xadimə kimi işə götürülüb. Tənha qadındır, üç azyaşlı övladı var. Ayda 300 manat maaş deyiblər, aylardır maaş almırlar. Klinika da işçiləri evə göndərib, deyib ki, maaş verə bilmir, amma yanvarın 6-na kimi problemi həll edəcək. Çoxu polisə şikayət edib. Klinika pulların geri qaytarılması üçün yanvara kimi möhlət istəyib”.

Şikayətçi onu da bildirib ki, klinika bir neçə həkim dəvət edib, reklamdan sonra xəstə də qəbul ediblər. Buna görə də depozit istəyəndə heç kim şübhələnməyib. Həkimlər də aldanıldıqlarını gec başa düşüblər: “Hər ay elan edirlər ki, sertifikat almışıq, tort kəsirlər, yallı gedirlər. Guya demək istəyirlər ki, qaçmamışıq, işləyirik. Kredit götürənlərin vəziyyəti daha da çətindir, maaş vermirlər ki, heç olmasa faizləri bağlasınlar. Camaat bir dəfə yığılıb etiraz edib. İndi verilən vədin dolmasını gözləyirlər”.

Alper Mövlud Ceylan isə həbs olunmazdan qabaq günahı keçmiş müavinin üzərinə atıb.

“Qanunla mən burada öz adıma heç nə yarada bilmərəm. Ona görə də klinikanı Kərim Nadirov adlı şəxsin adına sənədləşdirdik və o, icraçı direktor oldu. Mənim yeganə səlahiyyətim bu şəxsi vəzifəyə qoymaq və vəzifədən çıxarmaq idi. O da işə götürmək adıyla, depozit kimi bir neçə şəxsdən pul götürüb. Bu məsələnin üstü açılanda mən həmin şəxsi işdən azad etdim” – deyə, bildirib.

Ancaq “AzPolitika.info” hələ 6 ay əvvəl klinika açmaq adı ilə Alper Mövlud Ceylanın və ətrafındakıların Mingəçevir sakinlərindən pul yığdığını bildirmişdi. Həmin vaxt redaksiyamıza zəng edib yazı müəllifini hədələyən Alper Mövlud Ceylan və özünü onun vəkili kimi təqdim edən Ülvi Əsədov bu faktı təkzib etməmişdilər.

Elə Kərim Nadirov deyilənləri təkzib edib və şəhər sakinlərindən pulun məhz Alper Mövlud Ceylan tərəfindən yığıldığını təsdiqləyib: “Mən aprelin 20-də orada işə başlayıb, avqustun 13-də işdən çıxmışam. Boş-boşuna işlədim, maaş ala bilmədim deyə çıxdım. Orada yeyinti etsəydim, aktlaşdırıb məni Əmək Məcəlləsinin 70C bəndi (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) ilə işdən çıxarardılar. Bunların heç biri olmayıb. Mən orada işləyəndə işçilərin sayı 113 nəfər idi, indi 300-400 nəfər olub. Davamlı olaraq hamısından pul alınıb”.

Kərim Nadirov Alper Mövlud Ceylanın imzası və möhürü olan, Zülfiyyə Vəliyeva adlı şəxsdən 1900 manat aldığını təsdiqləyən sənədin surətini də təqdim edib. Əlavə olaraq bununla bağlı videoların da olduğunu bildirib.

Qeyd edək ki, Kərim Nadirov 400 nəfərə yaxın şəxsdən pul alındığını desə də, belələrinin sayının xeyli çox olduğu bildirilir. Yığılan vəsaitin məbləğinin isə iki milyona yaxın olduğu ehtimal edilir.

Mingəçevir Şəhər Polis Şöbəsindən tədqiqatı yekunlaşmayan işlər barədə məlumat verilmədiyi bildirilib.

Mingəçevidən saytımıza verilən məlumata görə isə Alper Mövlud Ceylanın “klinika” layihəsində iştirak edərək şəhər sakinlərinin aldadılmasında birbaşa və dolayı iştirak edənlərin bir çoxu hələ də məsuliyyətə cəlb edilməyib. Bunların içərisində özünü Alper Mövlud Ceylanın hüquqi nümayəndəsi kimi təqdim edən Ülvi Əsədovun, “klinikanın” baş mühasibi kimi qanunsuz pul yığımını “rəsmiləşdirən” Zaur adlı şəxsin, İnsan Resursları şöbəsinin müdiri kimi göstərilən V.Abdullayevanın, “icraçı direktor” kimi təqdim edilən Mehmet Azakın (əvəllər dönər satıcısı və kafedə ofisiant işlədiyi bildirilir –red.), dərman firmasında işləyən və özünü Alperlə şərik kimi təqdim edən Amil adlı şəxsin adı hallanır.

Əlbəttə, Mingəçevir şəhər sakinlərinin aldadılmasında kimlərin əlinin olduğu istintaq nəticəsində ortaya çıxacaq. 

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Elvin

“AzPolitika.info”



635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar