Dövlət Statistika Komitəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin son illərə dair açıqladığı rəsmi göstəricilər Azərbaycanda demoqrafik proseslərdə diqqətçəkən dəyişikliklərin davam etdiyini göstərir.

Son 4 ilin dinamikası göstərir ki, ölkədə nikahların sayı azalır, doğum göstəriciləri enir, boşanmaların nikahlara nisbəti isə yüksəlir. Mütəxəssislərin fikrincə, bu tendensiyanın davam etməsi uzunmüddətli perspektivdə əmək bazarı, sosial təminat sistemi və əhalinin yaş strukturuna təsir göstərə bilər.

"AzPolitika" rəsmi statistik göstəricilər əsasında ölkədəki mövcud demoqrafik vəziyyəti təhlil edib. Son illərin rəqəmləri göstərir ki, gənclər arasında rəsmi nikaha daxilolma yaşı yüksəlir və evlilik qərarı daha çox təxirə salınır:

2022-ci il: 61 939 nikah

2023-cü il: 54 200 nikah

2024-cü il: 49 508 nikah

2025-ci il: 48 546 nikah

Nikahların sayındakı azalma tendensiyası 2026-cı ildə də davam edib. Bu ilin ilk 6 ayında 15 107 nikah qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 19 783 olub. Beləliklə, cari ilin ilk yarısında nikahların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 23,6 faiz azalıb.

Boşanmaların ümumi sayında son iki ildə nisbi sabitlik müşahidə olunsa da, nikahların azalması fonunda nikah və boşanma göstəriciləri arasındakı fərq xeyli daralıb:

2022-ci il: 15 983 boşanma

2023-cü il: 21 688 boşanma (pandemiyadan sonra məhkəmə proseslərinin bərpası fonunda artım)

2024-cü il: 21 384 boşanma

2025-ci il: 20 675 boşanma

2026-cı ilin ilk 6 ayı: 8 087 boşanma

Müqayisə göstərir ki, 2022-ci ildə hər 3,8 nikaha 1 boşanma düşürdüsə, 2026-cı ilin ilk yarısında 15 107 nikaha qarşı 8 087 boşanma qeydə alınıb. Qeyd edilməlidir ki, boşanmalar eyni ildə bağlanmış nikahlara aid deyil. Bununla belə, statistika nikah və boşanma göstəriciləri arasındakı fərqin əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə azaldığını göstərir.

Nikahların sayındakı dəyişikliklər və digər sosial-iqtisadi amillər doğum göstəricilərində də özünü göstərir. Ölüm sayı son illərdə təxminən sabit qaldığı halda (ildə orta hesabla 59-60 min nəfər), doğum göstəricilərində ardıcıl azalma müşahidə olunur:

2022-ci il: 122 846 doğum

2023-cü il: 112 620 doğum

2024-cü il: 102 310 doğum

2025-ci il: 95 875 doğum

Beləliklə, son 3 ildə illik doğum sayı təxminən 27 min nəfər və ya 22 faiz azalıb. Bunun nəticəsində ölkədə təbii artım göstəricisi də aşağı düşüb. Əgər 2022-ci ildə təbii artım 62 min nəfərdən çox idisə, 2025-ci ildə bu göstərici 36 min nəfərə enib.

Səbəblər nədir?

Ekspertlər mövcud tendensiyanı əsasən üç amillə əlaqələndirirlər.

Onların fikrincə, hazırda nikah yaşına çatan nəsil 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində - doğum səviyyəsinin aşağı olduğu dövrdə dünyaya gəlib. Bu səbəbdən nikah yaşına çatan gənclərin sayı əvvəlki illərlə müqayisədə daha azdır.

Digər mühüm amil iqtisadi faktorlarla bağlıdır. Böyük şəhərlərdə mənzil və kirayə qiymətlərinin artması, toy və yaşayış xərclərinin yüksəlməsi bir çox gəncin evlilik qərarını təxirə salmasına səbəb olur.

Bununla yanaşı, təhsil və karyeraya daha çox üstünlük verilməsi nikah yaşının yüksəlməsinə təsir göstərir. Mütəxəssislər hesab edirlər ki, boşanmaların yüksək səviyyədə olması da bəzi gənclərin ailə qurmaq qərarına psixoloji təsir göstərir. Ailə quranların bir hissəsi isə daha az sayda uşaq sahibi olmağa üstünlük verir.

Gələcək perspektiv

Demoqrafik göstəricilər mövcud tendensiyanın davam edəcəyi təqdirdə Azərbaycanın əhali strukturunda yaşlı əhalinin payının artacağını göstərir. Bu isə uzunmüddətli perspektivdə əmək bazarı, pensiya sistemi və hərbi çağırış yaşlı əhalinin sayı baxımından yeni çağırışlar yarada bilər.

Mütəxəssislər hesab edirlər ki, bu tendensiyanın balanslaşdırılması üçün gənc ailələrin mənzil təminatı, sosial dəstək mexanizmləri və uşaqlı ailələrə yönəlik təşviq tədbirlərinin daha da təkmilləşdirilməsi müzakirə oluna bilər.

E.Rüstəmli

"AzPolitika.info"